İQTİSADİYYAT
“ƏDV geri al” layihəsi 4-cü sənaye inqilabının texnologiyalarına, əşyaların interneti” mexanizminə söykənir
Bakı, 28 may, AZƏRTAC
“ƏDV geri al" layihəsi çərçivəsində “el gücü-sel gücü” prinsipinə əsaslanaraq vergi xidməti yeni yanaşma tətbiq etməklə ictimaiyyətlə sıx əməkdaşlıq edib. Bunun özü az-az rast gəlinən və diqqətəlayiq bir məqamdır.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Dövlət Vergi Xidmətinin Vergiödəyicilərinə Xidmət Baş İdarəsinin rəisi Elçin Məmmədovun sözlərinə görə, digər bir yenilik isə bu prosesdə müasir texnologiyaların tətbiqi olub: “ƏDV geri al” layihəsi 4-cü sənaye inqilabının texnologiyalarına, daha dəqiq desək, “əşyaların interneti” mexanizminə söykənir. Layihənin əsas komponentlərindən biri məhz bu amillə bağlıdır. Bildiyiniz kimi, ƏDV-nin geri qaytarılması üçün istehlakçı tərəfindən müasir dövrün atributları olan internet sayt, elektron kabinet, mobil tətbiq və QR-koddan istifadə edilməli, eyni zamanda satıcılar tərəfindən isə yeni nəsil kassalar tətbiq olunmalıdır. Məhz bu amillərin, yəni ictimai nəzarətin və müasir texnologiyaların səmərəli vəhdəti layihənin unikallığını formalaşdırır”.
E.Məmmədov bildirib ki, ƏDV-nin müəyyən hissəsinin qaytarılması üçün ilk növbədə istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs, satıcı və ya xidmət göstərən tərəf isə ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb olunmalıdır. Digər məqam satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsi ilə bağlıdır. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür. Hazırda ölkə üzrə tətbiq edilən onlayn kassaların sayı 60 min 355-dir.
Həmçinin nəzərə çatdırılıb ki, istehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim edir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya əlavə olaraq POS-terminaldan çıxarış da verilməlidir. Məhz nağdsız ödəmələr zamanı daha çox vəsaitin qaytarılması nağdsız hesablaşmaların da artmasına müsbət təsir göstərib.