İQTİSADİYYAT


“ƏDV geri al” sistemi ilə bağlı yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər görülür

Bakı, 27 may, AZƏRTAC

Dövlət Vergi Xidməti istehlakçıların “ƏDV geri al” sistemi ilə bağlı yaranan problemlərin aradan qaldırılması istiqamətində nə kimi tədbirlər görür, müraciətlər necə araşdırılır?

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, məsələyə aydınlıq gətirən Dövlət Vergi Xidmətinin Vergiödəyicilərinə Xidmət Baş İdarəsinin rəisi Elçin Məmmədov sözügedən sistemin tətbiqi zamanı da istehlakçıların narazılığına səbəb olan bəzi halların üzə çıxdığını deyib: “Onları 2 qrupa bölmək olar. Birincisi, texniki problemlərdir. Məsələn, istehlakçı ona təqdim edilən çeki portalda oxudarkən çek tapılmır və bildirişdə “Çek tapılmadı!” yazılır. İkincisi, bilavasitə vəsaitin qaytarılması ilə bağlı problemlərdir. Hər iki halda daxil olan müraciətlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırılır, mövcud problemlər aradan qaldırılır və ya istehlakçıya qaneedici məlumat verilir”.

Baş İdarə rəisi, həmçinin nəzərə çatdırıb ki, yarana biləcək problemlərin qarşısını almaq məqsədilə 2021-ci ilin sonlarında Dövlət Vergi Xidməti rəisinin əmri ilə “ƏDV geri al” layihəsi çərçivəsində görülən işlərin təkmilləşdirilməsi barədə Tədbirlər Planı” təsdiq edilib.

Həmin sənəddə daxil olmuş müraciətlərə səbəb olan halların diaqnostikası, onların aradan qaldırılması üçün təkliflərin hazırlanması, ƏDV-nin geri qaytarılması üzrə verilmiş imtinanın səbəbləri ilə bağlı istehlakçılarda əlavə sual yaratmayacaq şəkildə məlumatların təqdim edilməsi üçün tədbirlərin görülməsi nəzərdə tutulub. Bundan başqa, DVX-nin rəsmi internet səhifəsində “Onlayn müraciət” bölməsində ƏDV-nin qaytarılması ilə bağlı müraciət edilməsi üçün xüsusi pəncərənin yaradılması üzərində iş gedir. Riskli vergiödəyicilərinin və istifadəçilərin məlumatlandırılması, eləcə də bu sahədə nəzarət tədbirlərinin gücləndirilməsi üçün müvafiq mexanizmin hazırlanması kimi işlərin həyata keçirilməsi də nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.