İQTİSADİYYAT
“ADY Express” “Cənub-Qərb” nəqliyyat dəhlizi üzrə yükdaşımalara başlayıb
Bakı, 22 sentyabr, AZƏRTAC
“ADY Express” “Cənub-Qərb” nəqliyyat dəhlizi üzrə yükdaşımalara başlayıb.
“ADY Express”dən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın tranzit potensialını artıracaq TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu və “Şimal-Cənub” Nəqliyyat Dəhlizi ilə yanaşı mühüm əhəmiyyət kəsb edən layihələrdən biri də “Cənub–Qərb” nəqliyyat dəhlizi hesab olunur. Dəhliz Hindistan/İran Körfəzi–İran–Azərbaycan–Gürcüstan–Qara dəniz–Avropa marşrutu üzrə fəaliyyət göstərəcək.
“ADY Express” şirkəti artıq bu nəqliyyat dəhlizi ilə də yükdaşımalara başlayıb. İlk olaraq şirkət, test məqsədi ilə İrandan 4 yük avtomobilində Astara sərhəd məntəqəsindən qəbul edilmiş 90 ton yüngül distilat neft məhsulu Astara neft terminalında iki çən vaqonuna boşaldıb. Yaxın vaxtlarda həmin vaqonlar Astara dəmir yolu stansiyasından Gürcüstanın Batumi stansiyasına yola salınacaq. Batumi dəniz limanından yük Qara dəniz vasitəsilə təyinatı üzrə çatdırılacaq.
İlkin mərhələdə bu yükün həcminin ayda 10 min ton olacağı, perspektivdə isə bir neçə dəfə artacağı gözlənilir. Onu da vurğulayaq ki, həmin yüklərin İrandan Azərbaycana yük avtomobilləri ilə daxil olması və sonradan Astara dəmir yolu stansiyasında vaqonlara yüklənməsi, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı və bununla bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi qaydaların tətbiqi nəticəsində mümkün olub. Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan ərazisindən, sonrakı nəqli dəmir yolları vasitəsilə edilməsi şərti ilə, yükləri daşıyan xarici avtomobil nəqliyyat vasitələri rüsum və yol vergisindən azad olunub. Bu, Azərbaycan ərazisindən yükdaşımaları rəqabətə davamlı etməklə, nəqliyyat dəhlizlərinin iqtisadi səmərəliliyini artırıb. Nəticədə alternativ marşrutlardan Azərbaycan ərazisindən keçən beynəlxalq marşrutlara yüklərin cəlb olunması üçün əlverişli şərait yaradılıb.
Qeyd edək ki, “Cənub–Qərb” nəqliyyat dəhlizi üzrə razılaşma “Azərbaycan Dəmir Yolları” QSC-nin təşəbbüsü ilə 2016–cı ildə Azərbaycan, Gürcüstan, İran və Ukrayna tərəfindən Bakıda imzalanıb. Həmin nəqliyyat dəhlizinin inkişaf perspektivi realdır. Belə ki, Azərbaycan hökumətinin müvafiq nəqliyyat strukturları Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsini ildən–ilə genişləndirən Hindistan, İran və Körfəz dövlətlərinin potensialından bəhrələnərək, bu dövriyyənin ölkəmiz üzərindən tranzit keçidini artırmaqla dövlətimizin iqtisadi qüdrətinə öz töhfələrini vermiş olarlar. “Cənub–Qərb” Tranzit Dəhlizinin digər marşrutlarla müqayisədə (xüsusilə, Süveyş kanalından keçən dəniz yolu) əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Məsələn əgər dəniz yolu ilə daşıma İran körfəzi və Hindistandan Avropaya təqribən 30-40 gün təşkil edirsə, “Cənub–Qərb” Tranzit Dəhlizi bu müddəti yarıyadək qısaldacaq. Bir sözlə, əlverişli coğrafi mövqe, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, həyata keçirilən irimiqyaslı layihələr sırasında bu dəhlizin yer alması Azərbaycanın tranzit və yükdaşıma potensialından daha səmərəli və çoxşaxəli şəkildə istifadə edilməsinə geniş imkan yaradır.