İQTİSADİYYAT
“ADY Express” indiyədək 115 min ton Azərbaycan karbamidi daşıyıb
Bakı, 21 dekabr, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Express” MMC “SOCAR Karbamid” zavodunda istehsal olunan karbamidin dəmir yolu ilə xaricə nəqlini davam etdirir.
MMC-dən AZƏRTAC-a bildirilib ki, H.Z.Tağıyev stansiyasında hər birinin çəkisi 800 kiloqram olan böyük kisələrdə karbamid Gürcüstan dəmir yollarının təqdim etdiyi yarımvaqonlara yüklənərək Gürcüstanın Qara dəniz limanlarına yola salınır. H.Zeynalabdin-Böyük Kəsik-Poti/Batumi marşrutu ilə 884/920 kilometr yolu 3-4 günə qət edən yük daha sonra Poti və ya Batumi limanlarında gəmilərə aşırılaraq dəniz vasitəsilə təyinatı üzrə çatdırılır.
2019-cu ilin oktyabrından (karbamidin dəmir yolu ilə nəqli başlayan aydan) cari ilin noyabr ayı daxil olmaqla “ADY Express” ümumilikdə 115 min ton karbamidi daşımağa müvəffəq olub. Proses davam etdirilir.
“ADY Express” yükdaşımanı Gürcüstandakı tərəfdaş şirkəti olan “GR Logistics and Terminals” şirkəti ilə birgə həyata keçirir və MMC karbamidin Azərbaycan ərazisi üzrə nəqlini təşkil edir.
“SOCAR Karbamid” zavodu 2019-cu il yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa edilib. Zavod 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin təxminən 70 faizi ixrac üçün nəzərdə tutulub.