İQTİSADİYYAT
“ADY Express” yeni xidmət təqdim edib
Bakı, 26 dekabr, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC müştərilərin məmnunluğunun təmin olunması istiqamətində növbəti onlayn xidmət növünü təqdim edib.
MMC-dən AZƏRTAC-a bildirilib ki, “ADY Express” sifarişlərin onlayn ödəniş xidmətini işə salaraq onu müştərilərə təklif edir. Artıq müştərilərin ödəniş üçün banka getmək ehtiyacı minimallaşdırılaraq sifarişlərin ödənişi üçün onlayn ödəniş xidməti istifadəyə verilib. Şirkətin müştəriləri sifariş təsdiq olunandan sonra onlayn “Şəxsi Kabinet”ə daxil olaraq “Ödə” düyməsini sıxaraq şəxsi və ya korporativ kart vasitəsilə onlayn ödəniş edə bilərlər. Onlayn ödənişin üstün cəhəti bundan ibarətdir ki, ödəniş həmin anda icra edilir və sifarişin statusu “ödəndi” olaraq dəyişir. Bank köçürməsində olduğu kimi ödənişin hesaba köçməsini gözləməyə ehtiyac qalmır.
Onlayn ödəniş sistemini tətbiq etməklə “ADY Express” MMC rəqəmsal texnologiyalı xidmət növlərini genişləndirərək müştərilərin rahatlığını təmin edir.
Xatırladaq ki, bu vaxta qədər şirkət bir sıra onlayn xidmətlər istifadəyə təqdim etməklə müştərilərin məmnunluğunu qazanmışdı. “ADY Express” MMC müştərilər üçün şəxsi kabinetindən istifadə edərək onlayn sifariş etmək, göndərdiyi yüklərin sərhəddən keçməsi ilə bağlı daşıma sənədləri və hesabatları görmək imkanı yaradıb. Eyni zamanda, müştərilər “qapıdan-qapıya” servisindən də istifadə edə bilirlər.