CƏMİYYƏT


AFAD nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında olub

Bakı, 3 dekabr, AZƏRTAC

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Fəlakət və Fövqəladə Hallar Departamenti (AFAD) rəhbərinin müavini İsmayıl Palakoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 3-ü 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında olub.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Akademiyanın rəisi general-mayor Baba Salayev AFAD təmsilçilərini rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Akademiyanın fəaliyyəti haqqında AFAD təmsilçilərinə ətraflı məlumat verən B.Salayev burada tədris prosesinin yüksək səviyyədə təşkili üçün hərtərəfli şəraitin yaradıldığını deyib. O, Akademiyada təhsilin iki ixtisas üzrə bakalavriat və magistratura səviyyəsində təşkil olunduğunu açıqlayıb.

Türkiyə Respublikasının Fəlakət və Fövqəladə Hallar Departamenti rəhbərinin müavini İsmayıl Palakoğlu FHN Akademiyasında olmaqdan məmnunluq ifadə edib. O, təmsil etdiyi qurum haqqında danışıb, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində yüksək ixtisaslı kadrların mühüm rol oynadığını vurğulayıb. İ.Palakoğlu hər bir sahədə olduğu kimi, fövqəladə hallarla mübarizə sahəsində də kadr potensialının gücləndirilməsinin əhəmiyyətini önə çəkərək bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin vacibliyinə toxunub.

Sonra tədbirdə AFAD-ın fəaliyyət istiqamətlərindən bəhs edən videoçarxlar nümayiş olunub. AFAD Planlama və riskazaltma şöbəsinin müdiri Abdulkadir Tezcan qurumun fəaliyyət istiqamətləri, fövqəladə halların qarşısının alınması, risklərin idarə edilməsi və təsirinin azaldılmasına dair görülən işlər barədə məlumat verib.

Daha sonra qonaqlar Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, fənn kabinetləri və kitabxanaya baş çəkib, ali təhsil müəssisəsinin maddi-texniki bazasını və 10 illik fəaliyyətini əks etdirən Muzeyə baxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.