REGİONLAR


AFAQ layihəsi çərçivəsində Ağdamda qadın fermerlərə dəstək göstərilib VİDEO

Bakı, 29 aprel, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə həyata keçirilən AFAQ (Aqrar Fəaliyyətli Azərbaycan Qadınları) layihəsi çərçivəsində Ağdam rayonunda qadın fermerlərlə görüş keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Heydər Əliyev Mərkəzində baş tutan görüşdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə heyətinin sədri Aqil Quliyev, Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, AFAQ layihəsi çərçivəsində keçirilən təlimləri uğurla tamamlayan qadın fermerlər iştirak ediblər.

Görüşdə çıxış edən natiqlər qadın fermerlərə göstərilən dəstəyin aqrar sahədə məşğulluğun artmasına müsbət təsir göstərəcəyini bildiriblər. Qadın fermerlər dövlət dəstəyindən yararlanıb, rayonun sosial-iqtisadi həyatında daha aktiv rol oynayacaqlar. AFAQ layihəsi aqrar sahədə çalışan qadınlara hədəflənib. Layihənin həyata keçirilməsində məqsəd qadınların aqrar fəaliyyətini dəstəkləməkdir. Layihə çərçivəsində göstərilən dəstək qadın fermerlərə texniki avadanlıqlar verməklə yekunlaşmayacaq. Gələcəkdə fermer qadınlara məhsulların satışı və aqrar fəaliyyətin təkmilləşdirilməsi istiqamətlərində də dəstək davam etdiriləcək.

Görüşdə çıxış edən fermer Leyla Ağamirova isə təsərrüfatını inkişaf etdirmək üçün göstərilən dəstəkdən məmnunluğunu ifadə edib: “AFAQ layihəsinə onlayn qaydada müraciət edən ilk qadın fermerlərdən biriyəm. Şadam ki, müraciətim müsbət dəyərləndirildi və təlimlərdə iştirak hüququ qazandım. Bu gün isə mənə texniki dəstək göstərilir. Bu dəstəklə təsərrüfatımı daha da böyütmək imkanı əldə edirəm”.

Görüşdən sonra qadın fermerlərin təsərrüfatlarına baxış keçirilib. Həmçinin müvafiq rayon üzrə layihədə iştirak edən 33 qadın fermerə əvvəlcədən müəyyənləşdirilmiş ehtiyaclar əsasında avadanlıqlar və aktivlərlə (süd sağan aparat, dən üyüdən avadanlıq, ot doğrayan avadanlıq, yem və su qabları və s.) dəstək göstərilib.

Texniki dəstək göstərilən qadın fermerlər arasında Vətən müharibəsi dövründə Ermənistan ordusu tərəfindən mülki yaşayış obyektlərinin atəşə tutulması nəticəsində aqrar infrastrukturu zərər görmüş vətəndaşlar üstünlük təşkil edir.

Qeyd edək ki, bu günədək AFAQ layihəsinə 600-ə yaxın qadın fermer müraciət edib, 145 müraciətçinin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə aparılılıb.

AFAQ layihəsi aqrar sahədə fəaliyyət göstərən qadınların bilik və bacarıqlarının artırılması, maliyyə və digər resurslara çıxışlarının asanlaşdırılması məqsədi ilə icra edilir. Bundan əvvəl isə layihə çərçivəsində 10 müxtəlif regiondan olan 35 qadın fermerə dəstək göstərilib. Layihə çərçivəsində qoyulan tələblərə cavab verən təsərrüfat sahiblərinə göstərilən texniki, konsultasiya və təlim dəstəyi bundan sonra da davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.