İDMAN
AFFA BİRİNCİ DƏSTƏ KLUBLARINI CƏZALANDIRMIŞDIR
AZƏRTAC xəbər verir ki, AFFA-nın Nizam-İntizam Komitəsinin iclası keçirilmişdir. Komitənin qərarına əsasən, ölkə çempionatının birinci dəstəsində çıxış edən “Ədliyyə” (Bakı) komandasının 4 oyunçusu “Simurq”la (Zaqatala) görüşdə sarı vərəqə aldığı üçün klub 500 min manat cərimələnmişdir. Həmin oyunda bakılıların oyunçusu Ruslan Həmidov hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə alaraq, növbəti oyundan kənarlaşdırılmış, klub isə, əlavə olaraq, 100 min manat cərimə ödəyəcəkdir.
“Yeni Yevlax” – “Gənclər birliyi–2” (Sumqayıt) görüşündə yerli komandanın oyunçusu Emin Kazımova qırmızı vərəqə göstərildiyindən o, növbəti 2 oyundan kənarlaşdırılmış, klub isə 1 milyon manat cərimələnmişdir.
“Şahdağ” (Qusar) – “Göygöl” (Xanlar) qarşılaşmasında isə qonaq komanda oyunqabağı yığıncağa 50 dəqiqə gecikdiyinə görə, klub 750 min manat cərimə olunmuşdur.