İDMAN
AFFA-NIN NÖVBƏDƏNKƏNAR IX KONFRANSI KEÇİRİLMİŞDİR
Tədbirdən əvvəl konfrans iştirakçıları Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə tər gül dəstələri düzülmüşdür.
Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının xatirəsi yad edilmişdir.
Konfransda FİFA və UEFA-nın tövsiyələrinə əsasən, AFFA-nın Nizamnaməsinə bəzi əlavə və dəyişikliklər edilməsi məsələsi müzakirə olunmuşdur. Nizamnamənin səkkiz maddəsinin 13 bəndinə əlavə və dəyişikliklər edilmiş, mahiyyətini itirdiyi üçün 58-ci maddə ləğv olunmuşdur.
Sonda keçirilmiş mətbuat konfransında AFFA prezidenti Ramiz Mirzəyev bildirmişdir ki, Nizamnamənin 30-cu maddəsinin 2-ci bəndinə edilmiş əlavəyə görə, İcraiyyə Komitəsinə hər bir namizəd konfransa azı 45 gün qalmış AFFA-nın ən azı bir üzvü tərəfindən təklif olunmalıdır. Namizədlərin yaşı 70-dən az olmalıdır. Azərbaycan Respublikasının vətəndaşı, futbolla bağlı ən azı bir illik fəaliyyəti olmalı və AFFA-ya üzv təşkilatlardan birində çalışmalıdır. Həmin maddənin 6-cı bəndində göstərilir ki, İcraiyyə Komitəsinin üzvü bu tələblərə cavab vermədikdə birbaşa üzvlükdən azad olunur. Yeddinci bəndə uyğun olaraq isə, İcraiyyə Komitəsinə AFFA-nın üzvü olan təşkilatlardan yalnız bir nəfər seçilə bilər.
1-ci maddənin 6-cı bəndinə görə, AFFA üzərinə FİFA və UEFA-nın Nizamnamə, Əsasnamə və direktivlərinə tabe olmaq, onların qərarlarına riayət etmək, Lozanna şəhərində yerləşən İdman Arbitraj Məhkəməsinin yurisdiksiyasını qəbul etmək kimi öhdəliklər də götürür.