AFFA-NIN YENİ RƏHBƏRLİYİ ÖLKƏMİZDƏ FUTBOLUN İNKİŞAF ETDİRİLMƏSİ ÜÇÜN CİDDİ SƏYLƏR GÖSTƏRİR
AzerTAg.az
AFFA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, braziliyalı dünya çempionu Karlos Alberto Torres ölkəmizin idman qurğuları, stadionları ilə tanışlığı davam etdirir, futbolun inkişaf imkanlarını öyrənir. Tanınmış braziliyalı mütəxəssis AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyevin müşayiəti ilə Sumqayıtda və Qubada olmuş, yerli məşqçilərlə görüşmüşdür. O, Quba şəhərindəki Olimpiya İdman Kompleksinə heyranlıqla baxmış, Sumqayıtdakı M.Hüseynzadə adına şəhər stadionunun yenidən qurulması planı ilə maraqlanmışdır.
Yanvarın 31-də Azərbaycana daha bir tanınmış mütəxəssis gələcəkdir. Bu, Avropada açıq əyləncəli futbol məktəblərinin təsisçisi, danimarkalı Anders Levinsendir. O, 1998-ci ildən bu vaxtadək Avropanın müxtəlif ölkələrində 237 əyləncəli uşaq futbol məktəbi açmışdır. Sevindirici haldır ki, belə məktəblərin biri də Azərbaycanda – “Neftçi” İdman Sağlamlıq Mərkəzinin nəzdində fəaliyyət göstərir və burada 192 uşaq məşğul olur.
Cənab Anders Levinsen uşaq futbolunun inkişafındakı xidmətlərinə görə bir sıra mükafatlara, o cümlədən UEFA-nın xüsusi mükafatına layiq görülmüşdür. Anders Levinseni səfərdə “Açıq Əyləncəli Futbol Məktəbləri”nin Qafqaz üzrə əlaqələndiricisi Tamas Tevsadze müşayiət edəcək.
Azərbaycan futbolunun qonaqları braziliyalı Karlos Alberto Tores və danimarkalı Anders Levinsen “Qarabağ-Azərsun” və “Ədliyyə” komandalarının yanvarın 31-də saat 12.30-da “Şəfa” stadionunda keçiriləcək yoldaşlıq görüşünə baxacaqlar. Fasilə zamanı tanınmış mütəxəssislərin iştirakı ilə mətbuat konfransı keçiriləcəkdir.
Xəbərin mətnində orfoqrafik səhv var