CƏMİYYƏT
AFFA futbol üzrə milli komandanın oyunlarından əldə olunacaq gəlirin bir qismini Qarabağ Dirçəliş Fonduna ianə edəcək
Bakı, 6 sentyabr, AZƏRTAC
Sentyabrın 7-də saat 20:00-da Bakı Olimpiya Stadionunda başlayacaq Azərbaycan-Portuqaliya oyununun bilet satışından əldə olunacaq gəlirin 10 faizi Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Qarabağ Dirçəliş Fondu arasında əldə olunmuş razılığa əsasən, Azərbaycan – Portuqaliya oyunundan başlayaraq, 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində milli komandamızın bütün ev oyunlarında bilet satışından əldə ediləcək gəlirin 10 faizi Qarabağ Dirçəliş Fonduna ianə olunacaq. İanə olunan məbləğin işğaldan azad edilən ərazilərdə futbol infrastrukturunun bərpası və inkişafı kimi məqsədlərə sərf olunacaq.
Azərbaycan – Portuqaliya oyununa biletləri “iTicket.Az” veb-saytı, mobil tətbiqi və ya “Gənclik Mall” və “28 Mall”da yerləşən “iTicket” bilet satış məntəqələrindən əldə etmək mümkündür.
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun azarkeş tutumunun 50 faizi qədər azarkeş buraxılacaq.
Yaxın günlərdə AFFA ilə Qarabağ Dirçəliş Fondu arasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək məqsədilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılan, əsas vəzifəsi işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması, inkişaf etmiş, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstəyin göstərilməsi olan Qarabağ Dirçəliş Fondu bu mühüm işlərə qoşulmaq istəyən bütün vətəndaşlarımız üçün vahid və əlçatan platformadır.