İDMAN


AFFA-nın baş katibi UEFA-dakı həmkarı ilə görüşüb

Bakı, 16 oktyabr, AZƏRTAC

İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında AFFA-nın baş katibi Elxan Məmmədov Avropa futbol təşkilatındakı həmkarı Teodor Teodoridislə görüşüb.

AZƏRTAC AFFA-ya istinadən xəbər verir ki, görüşdə bir sıra məsələlər müzakirə olunub.

E.Məmmədov Avropa və dünya çempionatlarının seçmə mərhələ oyunlarında VAR sisteminin tətbiq olunmasını təklif edib.

T.Teodoridis bildirib ki, bu ilin noyabr ayının sonunda Buxarest şəhərində UEFA-nın üzvü olan bütün milli assosiasiyaların rəhbərləri ilə keçiriləcək ənənəvi görüşdə UEFA prezidenti Aleksander Çeferinin təşəbbüsü əsasında bu məsələ ətrafında fikir mübadiləsi aparılacaq, prezentasiya təqdim olunacaq və seçmə mərhələ qarşılaşmalarında VAR-ın mümkün olub-olmaması müzakirəyə çıxarılacaq.

UEFA-nın baş katibi ilə müzakirə olunmuş digər məsələ oyunlar zamanı stadionların üzərində idarə olunan uçuş aparatlarının – dronların istifadəsi ilə bağlı olub və bildirilib ki, təhlükəsizlik baxımından bu kimi hallara xüsusi diqqət yetirilməlidir.

Daha sonra E.Məmmədov "Avro 2020"nin Bakıda keçiriləcək 4 oyununa hazırlıqla bağlı UEFA-nın baş katibinə ətraflı məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.