İDMAN
AFFA-nın hakimlər komitəsi tərəfindən seminar keçirilib
Bakı, 9 avqust, AZƏRTAC
Avqustun 9-da AFFA-nın inzibati binasında KİV nümayəndələri üçün hakimlər komitəsi tərəfindən seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, Hakimlər Komitəsinin sədri Fritz Stuxlikin rəhbərliyi və departament rəhbəri Cavid Cəlilovun iştirakı ilə keçirilən seminarda əvvəlcə AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla çıxış edərək seminarın məqsədindən danışıb.
Sonra F.Stuxlik seminarın proqramı barədə məlumat verib.
Proqrama uyğun olaraq, əvvəlcə 20 videoçarxdan ibarət viktorina keçirilib. İştirakçılar videoçarxlarda izlədikləri epizodlarda hakimin qaydalar əsasında hansı qərarı verməli olduğu barədə xüsusi blanklarda qeydlərini aparıblar. Sonra Fritz Stuxlik oyun qaydalarına edilmiş əlavə və dəyişikliklərlə bağlı ətraflı məlumat verib.
Fasilədən sonra matçlarda mübarizə epizodları, penalti zərbələri, oyundan kənar vəziyyətlərin qaydaları, həmçinin ötən mövsüm Azərbaycan Premyer Liqasında qeydə alınmış maraqlı məqamlardan ibarət videoçarxlar nümayiş etdirilib, müzakirələr aparılıb. Bundan başqa, videoçarxlardan ibarət viktorinada nümayiş olunmuş sualların düzgün cavabları barədə izahlı məlumat verilib.
Premyer Liqa və Birinci Divizionun hakimlərindən müxtəlif testlər götürmək üçün Bakıda səfərdə olan “Complex Core” şirkətinin nümayəndəsi Tomas Taro Netzer testlər barədə təqdimatla çıxış edib.