İDMAN


AFFA-nın iştirakçısı olduğu layihə üçün qrant ayrılıb

Bakı, 18 noyabr, AZƏRTAC

AFFA-nın iştirakçısı olduğu “SportEnt” – idmançılara ikili karyera imkanı yaradılmasını nəzərdə tutan layihəyə Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində qrant ayrılıb.

AZƏRTAC federasiyanın rəsmi saytına istinadla cavab verir ki, layihənin ilk mərhələsi bu yaxınlarda tamamlanıb. İlk mərhələ çərçivəsində iştirakçı ölkələrdən olan peşəkar və yarıpeşəkar futbolçular arasında sorğu keçirilib. Sorğunun nəticələri əsasında layihənin növbəti mərhələləri müəyyən olunub.

Belə ki, Avropanın 6 milli futbol assosiasiyasından olan təxminən 400 gənc futbolçu arasında aparılan beynəlxalq sorğu zamanı oyunçulara ikinci karyeralarına münasibətləri ilə bağlı suallar verilib.

Sorğu 2020-ci ilin iyul ayında 395 futbolçu arasında aparılıb. Peşəkar və yarıpeşəkar futbolçular üçün nəzərdə tutulmuş onlayn kəmiyyət sorğusu hazırlanıb və müxtəlif ölkələrdən olan futbolçular arasında keçirilib. Sorğunun 328 iştirakçısı sualları tam cavablandırıb. Respondentlər, əsasən Sloveniya (37 faiz, 122 nəfər), Şimali Makedoniya (32 faiz, 106 nəfər) və Azərbaycan (18 faiz, 60 nəfər) sakinləri olub. Onların əksəriyyəti (58 faiz, 135 nəfər) tam ştat işçi olmaqla, futbol oynadıqlarına görə klubları tərəfindən ödənişlə təmin olunub (73 faiz, 240 nəfər). Belə ki, onlardan 83 faizi (273 nəfər) kişilər, 89 faizi (293 nəfər) isə 16-30 yaşlılar olub.

Sorğu məhz hazırda çıxış edən gənc futbolçuların futbolu bitirəndən sonrakı karyeraları barədə fikirlərini əldə etmək üçün hazırlanıb. Sorğunun nəticələri göstərir ki, futbolçular sahibkar (istər mütəxəssis, istər ictimai və təhsil proqramlarını təşkil edən və ya qeyri-kommersiya təşkilatlarını idarə edən sahibkar, istər startaplara sərmayə yatıran sahibkar, istərsə də innovativ məhsul, xidmət və texnologiyalar yaradan sahibkar) olmaqda maraqlıdırlar. Oyunçular sahibkarlıq fəaliyyətləri zamanı intizam, komanda işi, səbirlilik, hörmət və dayanıqlılıq kimi müxtəlif bacarıqlarından faydalana bilərlər.

Sorğunun nəticələri nəzərə alınmaqla futbolçulara sahibkarlıq sahəsində təlim keçirilməsi tövsiyə olunur. Məqsəd onların futbol karyerasından sonra alternativ peşə imkanı ilə təmin olunması və ya futbolçu olduqları müddətdə idman sahəsinə biznes nöqteyi-nəzərindən yanaşmaq qabiliyyətinin formalaşdırılmasıdır. Onlar futboldan sonrakı karyeraları ilə bağlı mentorluq dəstəyinin göstərilməsini yüksək qiymətləndirir və sahibkarlıq mövzusundakı təlimlərə vaxt ayırmağa həvəslidirlər. Sahibkar olmaq iqtisadi baxımdan gəlir əldə etmək imkanı ilə yanaşı, peşəkar inkişaf imkanı da yaradır ki, bu da oyunçuları bu cür təlim kurslarında iştiraka sövq edən əsas amildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.