İDMAN


AFFA rəsmi bəyanat açıqlayıb

Bakı, 12 sentyabr, AZƏRTAC

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ötən gün təsis olunduğunu elan edən AFFA Futbol İctimaiyyəti Həmkarlar İttifaqı (AFİHİ) ilə bağlı rəsmi bəyanat yayıb.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, bəyanatda deyilir: “Bu təşkilatın adında “AFFA” adından istifadə edilməsinə baxmayaraq, onun AFFA və ya onun işçilərinə (indiki və ya keçmiş) hər hansı aidiyyəti yoxdur. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, “Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır”.

Həmin Qanunun eyni maddəsində “işçi” dedikdə “əmək qanunvericiliyinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontraktı) bağlayaraq əmək fəaliyyətini yerinə yetirən fiziki şəxs başa düşülür” kimi müddəa yer alıb. Bildirmək istərdik ki, qeyd edilən və özünü həmkarlar ittifaqı təşkilatı adlandıran təşkilatın mətbuatda adları hallandırılan təsisçilərindən heç biri heç vaxt AFFA ilə əmək münasibətlərində olmamışdır. Bunu nəzərə alaraq, “AFFA” adından istifadə etməklə bu cür həmkarlar ittifaqının təsis edilməsi “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununa ziddir.

Xatırladaq ki, sentyabrın 11-də AFFA Futbol İctimaiyyəti Həmkarlar İttifaqının təsis konfransı keçirilib. Konfransda veteran futbolçu və məşqçi Nazim Süleymanov AFİHİ-nin sədri seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.