İDMAN
AFFA rəsmiləri UEFA-nın departament rəhbəri ilə görüşüb

Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov və lisenziya qrupunun rəhbəri Elçin Məmmədov İsveçrənin Nyon şəhərində UEFA-nın “Fair Play” və Lisenziya Departamentinin rəhbəri Andrea Traverso ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, 2015/2016-cı il lisenziyalaşdırma mövsümünün yekunu ərəfəsində bu görüş UEFA-nın və AFFA-nın qarşılıqlı təşəbbüsü ilə keçirilib.
UEFA rəsmisi bildirib ki, qitə futbol qurumunun yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak edən klubların lisenziya məsələlərinə çox diqqətlə və məsuliyyətlə yanaşması, maliyyə “Fair Play”i, həmçinin beynəlxalq yarışların əsasnamələrinin tələblərinə uyğun fəaliyyət göstərməsi vacibdir. UEFA-nın nümayəndəsi klublara aid sənədlərin qurumun standartlarına uyğun olmasının vacibliyini bir daha vurğulayıb.
Görüşdə, həmçinin AFFA tərəfindən klubların lisenziyalaşdırılması prosesinin hazırkı vəziyyəti barədə məlumat verilib və inkişaf perspektivi müzakirə olunub.