İDMAN
AFİNADAKI BÜTÜN OLİMPİYA OBYEKTLƏRİ APRELƏDƏK HAZIR OLACAQ
2004-cü ilin yay Olimpiya oyunlarının bütün obyektləri gələn il aprelin sonunadək hazır olacaqdır. Olimpiada avqustun 13-də Afinada təntənəli şəraitdə açılacaq və onun yarışları Yunanıstanın daha beş şəhərində keçiriləcəkdir. AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, bunu Yunanıstan hökuməti bildirmişdir.
Hökumətin iclasında Baş nazir Kostas Simitis bütün obyektlərin vaxtında hazır olması üçün nazirlərdən səylərini artırmağı tələb etmişdir. Baş stadionun tribunaları üzərindəki çətirin və turistlərin elektrik qatarı ilə gedib-gələcəyi dəmir yollarının tikintisi “problem” obyektlər adlandırılmışdır. Gözlənildiyinə görə, Olimpiada günlərində Yunanıstana iki milyondan çox turist gələcəkdir.
İki həftə davam edəcək Olimpiya yarışlarına biletlərin artıq 70 faizi satılmışdır. Nəzərdə tutulduğuna görə, Olimpiya oyunlarına hazırlıq təşkilatçılara 7 milyard avroya başa gəlməlidir.