AFİNADA DOPİNQ QALMAQALINDAN YAXA QURTARMAQ MÜMKÜN OLMAYACAQ
AzerTAg.az
AZƏRTAC Rusiyanın “Novosti” agentliyinə istinadla xəbər verir ki, Rusiya Olimpiya Komitəsi (ROK) dopinq əleyhinə komissiyasının başçısı Nikolay Durmanovun fikrincə, Afina Olimpiadasında dopinqlə bağlı qalmaqallardan yaxa qurtarmaq mümkün olmayacaqdır. O demişdir: ”Yunanıstandakı Olimpiadada bir çox idmançıları sürprizlər gözləyir. Məsələ bundadır ki, Afinada dopinqi aşkar etmək üçün çox həssas və müasir avadanlıqdan istifadə olunacaqdır. Belə avadanlıq dünyanın heç bir ölkəsində yoxdur. Ona görə də dopinq qalmaqalı qaçılmazdır. Ümidvaram ki, bu, Rusiyadan yan keçəcəkdir”.
Durmanovun sözlərinə görə, milli dopinq əleyhinə laboratoriyaları qan analizlərində qadağan olunmuş preparatı aşkar edə bilməyən idmançılar böyük problemlərlə üzləşəcəklər, çünki Yunanıstan laboratoriyalarında dopinq mütləq aşkara çıxarılacaqdır. Rusiya Yüngül Atletika Federasiyasının prezidenti Valentin Balaxniçev isə bildirmişdir ki, bu günlərdə ROK-un dopinq əleyhinə komissiyası yeni avadanlıq almışdır. Onun sayəsində Olimpiya yığmasının bütün idmançıları dopinq nəzarətdən keçəcəklər.
Xəbərin mətnində orfoqrafik səhv var