İDMAN
AFİNA OLİMPİADASINDA ƏFQANISTAN İDMANÇILARI DA İŞTİRAK EDƏCƏKLƏR
Məlum olduğu kimi, Əfqanıstan ərazisinin əksər hissəsində taliblərin hakimiyyəti dövründə bir çox sahələrə, o cümlədən də idmana böyük zərbə vurulmuşdu. Ölkədə, əslində, cəhalət hökm sürürdü. Taliblər idmanı da qadağan etmiş və idmançılara göz verir, işıq vermirdilər, onları ölkədən kənar bir addım belə atmağa qoymurdular. Üstəlik, bütün kişiləri saqqal saxlamağa məcbur edirdilər. Qadınların vəziyyətindən isə danışmağa dəyməz. Nəticədə Əfqanıstan 2000-ci ilin Olimpiya oyunlarında təmsil olunmadı.
Taliblərin hökmranlığına, nəhayət, son qoyulduqdan sonra, digər sahələr kimi, idman da dirçəldilməyə başladı. AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, indi Əfqanıstan idmançıları 2004-cü ilin yayında Yunanıstanda keçiriləcək Olimpiadada iştirak etməyə hazırlaşırlar. Ölkə oraya, kiçik də olsa, komanda göndərəcəkdir. Bu günlər boksçular, Əfqanıstanda ənənəvi idman növlərindən birinin nümayəndələri - güləşçilər gərgin məşq edirlər.