İDMAN


AFİNA OLİMPİADASINDA SUMQAYITIN BEŞ İDMANÇISI İŞTİRAK EDƏCƏK

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətində dəfələrlə Azərbaycan çempionları, beynəlxalq turnirlərin qalibləri və mükafatçıları, XXVIII yay Olimpiya oyunlarına lisenziya qazanmış idmançılar - Şahin İmranov, Fuad Aslanov (boks), Niyaməddin Paşayev (taekvondo), Elnur Aslanov (sərbəst güləş), habelə XII Paralimpiya oyunlarında iştirak etmək hüququ almış cüdoçu İlham Zəkiyev ilə görüş keçirilmişdir.

İcra hakimiyyətinin başçısı Vaqif Əliyev idmançıları salamlayaraq bildirdi ki, hər bir idmançının ən böyük arzusu Olimpiya oyunlarında iştirak etməkdir. Sidney Olimpiadasında Azərbaycan idmançılarının nailiyyətləri ümummilli liderimiz Prezident Heydər Əliyevin idmanın inkişafı üçün müəyyən etdiyi proqramın uğurla gerçəkləşdirilməsinə parlaq sübutdur. Məhz onun uzaqgörən siyasəti, daimi qayğısı sayəsində bədən tərbiyəsi və idman respublikamızın həyatının öncül istiqamətlərindən birinə çevrilmişdir.

İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti təyin olunması idmanın inkişafına yeni təkan vermişdir. Azərbaycan idmanının sürətlə inkişafı, qısa müddət ərzində ölkəmizin bölgələrində çoxlu idman komplekslərinin və bazalarının yaradılması Azərbaycanı idman ölkəsi kimi tanıtdırmışdır.

V.Əliyev Afina Olimpiadası ərəfəsində idmançılarımıza xeyir-dua verərək əmin olduğunu bildirdi ki, sumqayıtlılar layiqincə çıxış edəcək, olimpiya medalları gətirəcəklər.

Şəhər gənclər, idman və turizm idarəsinini rəisi Musa Həsənov, respublikanın əməkdar məşqçisi Əhməd Rəcəbli və başqaları çıxışlarında qeyd etdilər ki, 10 minə yaxın sumqayıtlı şəhərin idman məktəblərində, seksiyalarında və cəmiyyətlərində idmanın 22 növü ilə müntəzəm məşğul olur. Sumqayıtda peşəkar məşqçilər fəaliyyət göstərirlər. Onların 25-i Azərbaycanın əməkdar məşqçisidir.

Olimpiya oyunlarına lisenziya qazanmış idmançılara mükafatlar verilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.