DÜNYA
AFRİKALI TURİSTLƏR TÜRKİYƏYƏ PROBLEM YARADIRLAR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, son illər Afrikanın müxtəlif məmləkətlərindən Türkiyəyə turist qismində gələn adamlar bu ölkənin inzibati orqanları üçün bəlaya çevrilmişlər. Ölkələrindəki işsizlik və səfalət üzündən Avropa dövlətlərinə köçmək istəyən afrikalılar ilk olaraq Türkiyəyə gəlir və çox vaxt burada qalırlar. Tanzaniya, Qambiya, Burkino-Faso, Mavritaniya, Nigeriya və digər Afrika ölkələrindən gələn əcnəbilər Türkiyədə öz pasportlarını cıraraq hansı ölkəyə mənsub olduqlarına dair məlumatları yox edirlər. Bu şəxslərin hansı ölkəyə mənsub olduqlarını öyrənmək və onları geri göndərmək üçün həm vaxt, həm də böyük vəsait lazım olur. Məsələn, bir afrikalının öz ölkəsinə geri qaytarılması Türkiyəyə təqribən 1000-1500 ABŞ dollarına başa gəlir. Bu məqsədlə 2004-cü ildə müvafiq polis strukturlarına büdcədən 3 milyon ABŞ dolları məbləğində vəsait ayrılmışdır. Ancaq bu məbləğ də lazımi işlərin görülməsi üçün kifayət deyildir. Türkiyənin Daxili işlər Nazirliyi yaranmış vəziyyətdən çıxış yolları axtarır. Ölkənin mövcud qanunlarında düzəlişlər və əlavələr edilməsi planlaşdırılır.