REGİONLAR
“AFRİKA TAUNU” XƏSTƏLİYİNƏ YENİ YOLUXMA HALLARI QEYDƏ ALINMAMIŞDIR, VƏZİYYƏT NƏZARƏT ALTINDADIR
Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın digər ərazilərində donuzlar arasında “Afrika taunu” xəstəliyinə yoluxma halları qeydə alınmamışdır. Qəbələ rayonunun Nic kəndində isə qurumun epizootik qurumu fəaliyyətini davam etdirir, burada təhlükəli xəstəliyə yeni yoluxma hallarına təsadüf edilməmişdir.
Xidmət ölkənin bütün donuzçuluq təsərrüfatlarında istisnasız olaraq qapalı şəraitə keçməyi tələb etmişdir. Bu təsərrüfatlarda monitorinq keçirilməsi planlaşdırılır. Yeri gəlmişkən, ötən ilin iyununda Gürcüstanda “Afrika taunu” aşkar edildikdən sonra Azərbaycanın donuzçuluq təsərrüfatlarında 3 nəzarət tədbiri keçirilmişdir. Həmin təsərrüfatlarda 20 minə qədər donuz bəslənilir.
Xatırladaq ki, “Afrika taunu” Gürcüstan və Azərbaycandan başqa Ermənistanda və Rusiyanın cənubunda da aşkar edilmişdir. Xəstəliyin əlamətləri: yemdən imtina, qısa müddətdə hərarətin yüksəlməsi, ishal, ardınca qəbizlik, qanaxma, ayaqlarda parezlər müşahidə olunur, donuz ayağa dura bilmir. Bu proses iki gündən yeddi günədək davam edir və heyvan tələf olur.
Hazırda ölkədə “quş qripi və “Afrika taunu” ilə bağlı epizootik vəziyyət sabitdir. Dövlət Baytarlıq Xidməti əhalinin nəzərinə çatdırır ki, ölkəmizdə ilk dəfə olaraq baş vermiş bu xəstəlik tam nəzarət altındadır. Sərhəd buraxılış məntəqələrində fəaliyyət göstərən sərhəd baytarlıq nəzarəti məntəqələri ciddi iş rejimində işləyir, ölkəyə daxil olan bütün nəqliyyat vasitələri dezinfeksiya edilir.