DÜNYA
AFR Kansleri “Şimal axını-2”nin sertifikatlaşdırılma prosesini dayandırıb
Bakı, 22 fevral, AZƏRTAC
AFR Kansleri Olaf Şolts “Şimal axını-2” layihəsinin sertifikatlaşdırılması prosesini dayandırdığını bildirib.
AZƏRTAC Interfax agentliyinə istinadla xəbər verir ki, bunu Almaniya Kansleri mətbuat konfransında bəyan edib.
“Mən bu gün federal İqtisadiyyat Nazirliyindən xahiş etdim ki, enerji təhlükəsizliyinə dair məruzəni federal şəbəkə agentliyindən geri götürsün. Bu, texniki məqam kimi görünür, lakin indi qaz kəmərinin sertifikatlaşmasının baş tutmaması üçün zəruri addımdır. Sertifikatlaşma olmadan “Şimal axını-2” işə salına bilməz”, - Olaf Şollts belə deyib.
İllik qaz nəqli gücü 55 milyard kubmetr olan “Şimal axını-2” Rusiyanın Leninqrad vilayətindən Baltik dənizinin Almaniya sahillərinə qədər uzanır. Kəmərin birinci xəttinin tikintisi iyunun əvvəlində, ikincisi isə sentyabrda başa çatıb.