DÜNYA


AFR-də yeni problem yaranıb: ixtisaslı kadrlar çatışmır

Berlin, 2 avqust, AZƏRTAC

Almaniyanın təşkilatlarında və istehsalatda peşəkar kadrların qıtlığı rekord həddə çatıb.

AZƏRTAC xəbər verir ki, bu səbəbdən almaniyalı işəgötürənlər öz biznesini məhdudlaşdırmağa, bəzən isə ümumiyyətlə işi bağlamağa məcbur olurlar. Beləliklə, kifayət qədər hazırlıqlı mütəxəssislərin çatışmaması ölkə iqtisadiyyatına zərbə vurur, enerji böhranı səbəbindən onsuz da çətinlik çəkən müəssisələrin vəziyyəti daha da ağırlaşır.

İyul ayında rəy sorğusunda iştirak etmiş təşkilatların təqribən yarısı bildirib ki, onların fəaliyyəti işçi qıtlığı səbəbindən məhdudlaşır. Belə düşünən sorğu iştirakçılarının sayı 49,7 faiz olub. Bu, müvafiq tədqiqatların aparıldığı 2009-cu ildən bəri ən yüksək göstəricidir. Onlar bildiriblər ki, lazımi sayda əməkdaşın olmaması şirkətin fəaliyyətinə güclü təsir göstərir. Keçən ay üzrə məlumatlar aprel ayında qeydə alınmış əvvəlki rekordu təzələyib. İndi müvafiq göstərici daha 6,1 faiz artıb.

2019-cu ildə bu göstərici 30 faizə çatmışdı. İndi isə şirkətlərin təqribən yarısı kadr qıtlığından şikayətlənir. İşçilərin çatışmaması dərəcəsi sahələrdən asılı olaraq fərqlidir. Getdikcə daha çox sayda şirkət öz biznesini məhdudlaşdırmağa məcbur olur. Təşkilatlar öz işini əvvəl planlaşdırılan kimi geniş miqyasda inkişaf etdirə bilmirlər. Ekspertlər ehtiyat edirlər ki, ortamüddətli və uzunmüddətli perspektivdə bu problem daha da kəskinləşə bilər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.