REGİONLAR
AĞCABƏDİLİ TAXILÇI HƏR HEKTARDAN 80 SENTNER MƏHSUL GÖTÜRƏCƏYİNƏ ƏMİNDİR
Təsərrüfatın rəhbəri, əməkdar aqronom Cümşüd Şıxəliyev AZƏRTAC-ın müxbirinə demişdir ki, ailə üzvlərimlə birlikdə becərdiyim sortlar, əsasən, dünyada tanınmış seleksiyaçı alim, akademik Cəlal Əliyevin rəhbərliyi altında yaradılmış “Əzəmətli-95”, “Qiymətli-2/17”, “Nurlu-99”, “Ruzi-84” və digər yumşaq buğda sortlarıdır. Bu il 40 hektarda becərdiyimiz həmin sortlardan yüksək məhsul gözləyirik. İnanıram ki, xüsusilə “Əzəmətli” üzümüzü ağ edəcəkdir. Bu sortun bizim şəraitdə - suvarılan sahələrdə və dağətəyi dəmyə bölgələrində potensial məhsuldarlığı hər hektardan 70-85 sentnerdir. Biz 80 sentner proqnozlaşdırmışıq. “Nurlu” və “Qiymətli” sortlarının məhsuldarlığı 75 sentnerdən aşağı olmamalıdır. Aqronom olmaq istəyən oğlum Savalan da şöhrətli seleksiyaçının buğda sortlarının bioloji xüsusiyyətlərini, quraqlığa və ya qışa davamlılığını, optimal səpin müddətini, becərilmə aqrotexnikasını yaxşı bilir. Onun təkidi ilə bu il eksperiment aparmış, “Əzəmətli”ni iki üsulla - həm şırım, həm də cərgəvarı üsulla əkmişik. Fərq hektara sərf olunan toxumun miqdarındadır. Hansı üsulla səpilmiş sahədən daha çox məhsul götürsək, növbəti təsərrüfat ilində həmin üsulu tətbiq edəcəyik.