REGİONLAR
AĞDAŞDA İSTEHSAL OLUNAN MEYVƏ-TƏRƏVƏZİN YARIDAN ÇOXU MDB ÖLKƏLƏRİNƏ GÖNDƏRİLİR
Ağdaşda kənd təsərrüfatı məhsulları istehsalında əhəmiyyətli dəyişikliklər hiss olunmaqdadır. Prezident İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamı torpaq mülkiyyətçilərini işlərinə daha həvəslə yanaşmağa sövq etmişdir. Sərəncama uyğun olaraq, Nazirlər Kabinetinin təsdiq etdiyi qərar ötən il Ağdaşda uğurla icra olunmuşdur. Rayonda 7225 nəfərə kənd təsərrüfatı məhsullarının istehsalı zamanı istifadə etdikləri yanacaq və motor yağlarına görə yardım verilmişdir.
Ağdaş Rayon İcra Hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, son illər rayonda tərəvəzçiliyin və meyvəçiliyin inkişafı geniş vüsət almışdır. Rayonun təbii iqlim şəraiti faraş və örtülü tərəvəzçiliyin inkişafı üçün xeyli əlverişli olduğundan burada ildə 2 dəfə məhsul götürmək mümkündür.
Ağdaşda istehsal olunan tərəvəz məhsullarına MDB ölkələrində yüksək tələbat vardır. 2007-ci ildə istehsal olunmuş 47 min 240 ton tərəvəzin 30 min tonu Rusiya, Ukrayna, Belarus və Gürcüstana ixrac edilmişdir. İstehsal olunmuş 17 min 145 ton meyvənin isə 60 faizdən çox hissəsi MDB ölkələrinin bazarlarına çıxarılmışdır.
Bundan əlavə, rayonun fermerləri və fərdi torpaq mülkiyyətçiləri 2007-ci ildə Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında uğurla iştirak etmişlər. Onlar yarmarkalara çıxardıqları 350 ton müxtəlif çeşidli məhsulları bazar qiymətlərindən 20-30 faiz ucuz satmışlar.