CƏMİYYƏT


“AGRO-MEAT” MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi baxılması üçün məhkəməyə göndərilib

Bakı, 22 sentyabr, AZƏRTAC

Ölkəmizdə dövlət strukturlarının əhalinin sağlamlığının qorunması, digər sahələr üzrə xidməti fəaliyyətin təşkili istiqamətində səfərbər olunduğu vaxtda mövcud vəziyyətdən öz maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran əməllərə qarşı prokurorluq orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə görülən tədbirlər çərçivəsində “AGRO-MEAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli şəxsləri Vəliyev Ehtiram İldırım oğlu, Ələkbərov Namiq Oktay oğlu və digərlərinin qanunsuz hərəkətləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin nəticələri əsasında fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla “AGRO-MEAT” MMC-ni icarəyə götürmüş Ehtiram Vəliyevin MMC-nin nümayəndəsi Namiq Ələkbərov ilə birlikdə iyunun 23-25-də ölkə ərazisində mal-qara bazarlarından və ayrı-ayrı şəxslərdən 6890 kiloqram miqdarda keyfiyyətsiz ət məhsulunu ucuz qiymətə alaraq, Ağcabədi rayonunun Xocavənd kəndində yerləşən MMC-yə məxsus kəsimxanada müvafiq standartlara uyğun olmayan şəraitdə satmaq məqsədilə saxlamalarına əsaslı şübhələr müəyyənləşdirilir.

Baş İdarə tərəfindən iyunun 25-də həyata keçirilən tədbirlər nəticəsində həmin kəsimxanada 41 min 340 manat dəyərində 6890 kiloqram çəkidə keyfiyyətsiz ət məhsulu aşkarlanaraq götürülüb.

İş üzrə toplanmış sübutlara əsasən avqustun 22-də Ehtiram Vəliyevə Cinayət Məcəlləsinin 29, 200.2.3-cü (istehlakçıları külli miqdarda ziyan vurmaqla aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və ya satmaya cəhd etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Namiq Ələkbərova isə Cinayət Məcəlləsinin 32.5, 29, 200.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik etmə) maddələri ilə yekun ittiham elan edilib.

Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Ağcabədi Rayon Məhkəməsinə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.