AĞSUDA ANMA MƏRASİMİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, yanvarın 19-da Ağsuda XX əsrin ən qanlı terror aktlarından olan 20 Yanvar faciəsinin on yeddinci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir. Səhər tezdən şəhərin Heydər Əliyev adına mərkəzi meydanına toplaşan və müxtəlif nəslin nümayəndələrini təmsil edən minlərlə rayon sakini 20 Yanvar bağına gedərək, faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmişdir. Abidə önünə əklillər, gül-çiçək qoyulmuş, şəhidlərin ruhuna dua oxunmuşdur.
Sonra şəhər Mədəniyyət Sarayında ictimaiyyət nümayəndələrinin yığıncağı keçirilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
“20 Yanvar - tarixin qanlı faciəsi” mövzusunda məruzə ilə çıxış edən rayon icra hakimiyyəti aparatının şöbə müdiri Tahir Xasi demişdir ki, əzəli torpaqlarımıza göz dikən erməni daşnaklarına öz məkrli niyyətlərini həyata keçirməyə çalışdıqları bir vaxtda imperiya qoşunlarının Bakıya yeridilməsi Azərbaycana qarşı əsl hərbi təcavüz idi. O dəhşətli hadisədən dərhal sonra xalqımızın böyük oğlu Heydər Əliyev imperiyanın mərkəzində, Moskvada öz etiraz səsini ucaldaraq, dinc insanlara qarşı törədilən qırğını bütün dünyaya bəyan etdi. Üç il sonra xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider Azərbaycanı böhrandan, dağılmaqdan xilas etdi, müstəqil dövlət kimi möhkəmləndirərək, dünya birliyinin layiqli üzvünə çevirdi. Bu dahi şəxsiyyətin siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hazırda özünün yeni inkişaf mərhələsini yaşayır.
Yığıncağın sonunda mədəniyyət işçilərinin ifasında “Qanlı yanvar” adlı ədəbi-bədii kompozisiya göstərilmişdir.