SİYASƏT
ƏHALİNİN SOSİAL MÜDAFİƏSİNİN GÜCLƏNDİRİLMƏSİ DÖVLƏTİMİZİN DİQQƏT MƏRKƏZİNDƏDİR
Yanvarın 15-də Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Dünya Bankının ölkəmizdə işgüzar səfərdə olan region üzrə nümayəndəsi Maykl Millzi qəbul etmişdir.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüş zamanı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycanla Dünya Bankı arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, ölkədə sosial sığorta haqlarının yığılması, pensiya və sosial yardımların ünvanlı maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsi məsələləri müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, Prezident Heydər Əliyevin bu sahədə qarşıya qoyduğu vəzifələrin vaxtında həyata keçirilməsindən ötrü Dünya Bankı tərəfindən göstəriləcək texniki yardım mühüm rol oynayacaqdır. Görüşdə bu məsələ ilə bağlı geniş fikir mübadiləsi aparılmış, konkret təkliflər irəli sürülmüş, tərəfləri maraqlandıran suallara cavablar verilmişdir.