SİYASƏT


AHİK Ermənistanın Gəncəni raket atəşinə tutması ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Bakı, 12 oktyabr, AZƏRTAC

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) oktyabrın 12-də Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, müraciətdə bildirilir: “Rusiya tərəfinin təşəbbüsü əsasında Moskva şəhərində keçirilən görüşdə Rusiya, Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərinin bəyanatı qəbul edilib.

Bəyanatın birinci bəndində Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsrlər, saxlanılan digər şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün humanitar məqsədlərlə atəşkəs elan olunması nəzərdə tutulub. Çox təəssüf ki, Ermənistan tərəfi humanitar atəşkəsin elan edilməsinə baxmayaraq, özlərinin mənfur xislətinə uyğun olaraq atəşkəsi pozub, bütün cəbhəboyu - Hadrut qəsəbəsi, Füzuli və Cəbrayıl rayonları istiqamətlərində yaxınlıqdakı yaşayış məskənlərini atəşə tutublar. Hətta Azərbaycan Ordusu tərəfindən azad edilmiş Suqovuşanda ölmüş erməni əsgərlərinin cəsədləri toplanarkən Ermənistan silahlı qüvvələri üzərinə ağ bayraq sancılmış sanitar maşınını atəşə tutmuş, nəticədə tibb işçisi ağır yaralanıb. Atəşkəs rejiminin qüvvəyə mindiyi andan ermənilər tərəfindən Azərbaycanın bir sıra rayonlarına ümumilikdə 548 mərmi atılıb. Döyüş meydanında məğlub olması ilə barışa bilməyən erməni tərəfi dinc əhaliyə məqsədyönlü şəkildə hücum edir.

Oktyabrın 11-də gecə saat 4 radələrində cəbhə xəttindən xeyli uzaqda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə Ermənistanın siyasi və hərbi rəhbərliyinin göstərişi ilə raket hücumuna məruz qalıb. Hücum nəticəsində 9 mülki şəxs (o cümlədən 4 qadın) həlak olub, 34 nəfərdən çox dinc sakin isə yaralanıb. 1949-cu il Cenevrə Konvensiyasını kobud şəkildə pozaraq dinc əhaliyə qarşı törədilən bu vəhşilik Ermənistanın XX əsrin əvvəllərindən Azərbaycan xalqına qarşı başlatdığı soyqırımı siyasətinin davam etdirilməsinin sübutudur. Gəncə şəhərində dinc sakinləri hədəfə alması Ermənistanın indiyədək olduğu kimi, yenə də beynəlxalq təşkilatların qəbul etdikləri qətnamə və konvensiyaları heçə saydığı anlamına gəlir.

BMT başda olmaqla Avropa İttifaqı, ATƏT-ə üzv dövlətlər və digər beynəlxalq təşkilatlar, bir sıra dövlətlər, o cümlədən ABŞ, Rusiya, Almaniya, Fransa (bu ölkənin prezidenti E.Makronun xüsusi canfəşanlıq etdiyini vurğulamaq lazımdır) atəşin dayandırılması ilə bağlı Azərbaycana və onun rəhbərinə dəfələrlə müraciətlər ediblər. İndi bu qurumların və dövlətlərin atəşkəs əldə olunanda Azərbaycanın dinc əhalisinə, o cümlədən Gəncə şəhərində yaşayan mülki vətəndaşlara qarşı Ermənistanın törətdiyi vəhşiliklərə biganə qalmaları təəssüf və təəccüb doğurur. İkili standartlara söykənən bu birtərəfli və ermənipərəst mövqe də tərəfimizdən başa düşülən deyil.

Ermənistan öz ərazisindən Azərbaycanın döyüş bölgələrindən uzaq yaşayış məntəqələrini atəşə tutduğu halda, Rusiya tərəfi Ermənistan ərazisinə hücum edildiyi təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işə qarışacağını dilə gətirir. Bu da demokratiyanın yeni təzahürüdür. Ermənistan hakimiyyətinin humanitar atəşkəsi kobudcasına pozması bu atəşkəsə çağırış edən ATƏT-in Minsk qrupunun həmsədrlərinə, ilk növbədə, vasitəçi rolu oynayan Rusiyaya qarşı hörmətsizlik kimi başa düşülməlidir. Əgər bu qurumların Ermənistana heç bir təsir imkanları yoxdursa, deməli əhəmiyyəti də yoxdur.

Müraciətdə o da diqqətə çatdırılır ki, insanlığa sığmayan bu hərəkətlərə beynəlxalq təşkilatlar, həmçinin ATƏT-in üzvü və əsas güc sahibləri olan dövlətlər təcili reaksiya verməli, Ermənistana yerini göstərməli idilər.

Ermənistan isə bundan faydalanaraq Moskvada əldə edilmiş razılaşmaya açıq-aydın hörmətsizlik göstərməklə Cənubi Qafqazı nəticələri faciəvi ola biləcək müharibənin yeni mərhələsinə təhrik edir.

Biz - Azərbaycanda fəaliyyət göstərən həmkarlar ittifaqları təşkilatları sizləri Ermənistanın bu anti-humanist, anti-bəşəri hərəkətlərini – dinc əhaliyə, o cümlədən qadınlara, uşaqlara, əlillərə, qocalara qarşı törətdiyi vəhşilikləri dayandırmaq üçün öz nüfuzunuzdan istifadə etməklə müvafiq addımlar atmağa çağırırıq.

Ermənistanın bütün dünyanın gözü qarşısında bu qədər müharibə cinayətləri törətməsi onlar üçün yaradılan cəzasızlıq mühitindən irəli gəlir. İnsani dəyərlərə söykənən beynəlxalq hüquq və beynəlxalq humanitar qanunların, konvensiyaların tələblərinə əməl edilməməsinə qarşı mübarizə aparılmasında yalnız bir standart – ədalət standartı olmalıdır. Ermənistan tərəfindən addımbaşı bu prinsiplərin pozulmasına biganəlik göstərilməsi isə bəşəri dəyərlərin əsaslarına zərbə vurur.

“Hesab edirik ki, siz bizim haqq səsimizi eşidərək Ermənistanın Azərbaycanın dinc sakinlərinə, o cümlədən Gəncə şəhərində yaşayan mülki əhaliyə qarşı həyata keçirdiyi vandalizm aktlarını qətiyyətlə pisləyəcək, işğalçının cəzalandırılması üçün lazımi addımlar atacaqsınız”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.