CƏBHƏ XƏBƏRLƏRİ


AHİK Ermənistanın təxribatları ilə bağlı bəyanat yayıb

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Ermənistanın ölkəmizə qarşı hərbi təxribatları ilə bağlı bəyanat yayıb.

Konfederasiyadan AZƏRTAC-a bildiriblər ki, bəyanatda deyilir:

“Sentyabrın 27-də sübh tezdən Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhəboyu hərbi təxribat törədib. Cəbhəboyu ərazidə yerləşən dinc əhalinin məskunlaşdığı kəndlər iriçaplı silahlar, minaatan və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub. Ermənistan silahlı qüvvələri tərəfindən cəbhəyanı ərazilərdə mülki əhalinin və obyektlərin atəşə tutulması qəsdən və hədəflənmiş növbəti təxribatdır. Bu təxribat nəticəsində mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar var, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib.

Prezident İlham Əliyev cənabları Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 75-ci sessiyasında çıxışında da Ermənistanın hücuma hazırlaşdığını qeyd edərək demişdir ki, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştiraka məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış könüllü dəstələrinin yaradılmasını elan edib. Ermənistanın müdafiə naziri “yeni ərazilər uğrunda yeni müharibəyə” çağırır. Ermənistan rəhbərliyinin düşməncəsinə verilən Azərbaycanofob bəyanatları və törədilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir.

Ermənistan rəhbərliyinin növbəti hərbi təxribatı onun sülh, əmin-amanlıq, təhlükəsizlik kimi dəyərlərə düşmən kəsildiyini bir daha əyani şəkildə sübuta yetirir. İşğal etdiyi Azərbaycan torpaqlarını azad etmək haqqında BMT Təhlükəsizlik Şurasının, müxtəlif beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə və çağırışlarına məhəl qoymayan Ermənistan nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükəyə çevrilib.

Erməni tərəfinin təmas xəttində və sərhəd zonalarında vaxtaşırı qanlı təxribatlar törətməsi pis adət halını alıb. Ermənistan rəhbərliyi birinci dəfə deyil ki, ölkə daxilində üzləşdiyi və qarşısında aciz qaldığı ağır problemlərdən sərhəddə və ya təmas xəttində iyrənc hərbi təxribatlar törətməklə yaxa qurtarmağa çalışır. Ağır epidemioloji vəziyyətdən və sosial-iqtisadi sıxıntılardan cana doymuş xalqın qəzəbindən yayınmaq üçün Paşinyanın diktatura rejiminin hərbi təxribatlara əl atması onun yürütdüyü siyasətin Ermənistanın əvvəlki xunta rejimlərinin yürütdüyü siyasətdən azacıq da olsa fərqlənmədiyinin göstəricisidir.

Bu gün Azərbaycan Ordusu dünyanın ən qüdrətli orduları sırasında yer alır və düşmənin istənilən həmləsinin qarşısını almaq, ona öldürücü zərbə endirmək gücündədir və bunu inamla həyata keçirir. Rəşadətli Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatı nəticəsində düşmənin ön xətti yarılıb, bir sıra kəndlər işğaldan azad edilib, xüsusi əhəmiyyət kəsb edən strateji yüksəkliklər ələ keçirilib. Düşmən hərbi silah-sursatı ataraq geri çəkilməyə məcbur edilib. İnanırıq ki, bu qələbələrin davamı gələcəkdir.

Biz Azərbaycan həmkarlar ittifaqları olaraq Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Şərəfli tarixi olan ordumuzla qürur duyuruq. Həmkarlar ittifaqlarının milyon yarım üzvü Prezident, Ali Baş Komandan İlham Əliyevin yanındadır və yolundadır!”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.