MƏDƏNİYYƏT


AHİK İcraiyyə Komitəsi bəyanat yayıb

Bakı, 5 iyun, AZƏRTAC

İyunun 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi Kəlbəcərə ezam olunmuş mətbuat nümayəndələrinin və digər mülki şəxslərin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində həlak olması və yaralanması ilə bağlı bəyanat qəbul edib.

AZƏRTAC bəyanatı təqdim edir:

“2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanması ilə İkinci Qarabağ müharibəsi başa çatsa da, beynəlxalq səviyyədə hamılıqla qəbul olunmuş konvensiyalara və əldə edilən razılıqlara baxmayaraq, Ermənistan işğaldan azad olunmuş ərazilərdə yerləşdirdikləri minaların xəritələrini Azərbaycana verməkdən hələ də müxtəlif bəhanələrlə boyun qaçırır. Bu qanunsuz hərəkətlər yüzlərlə günahsız, dinc insanların ölümü ilə nəticələnir və terrorun Ermənistan tərəfindən dövlət səviyyəsində dəstəklənməsini göstərir.

Ermənistanın təxribatçı əməllərinin davamı olaraq bu gün xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC xəbər agentliyinin müxbiri), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Bu, bir daha göstərir ki, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Ermənistan həmişə olduğu kimi, bu gün də sülhə, təhlükəsizliyə və beynəlxalq razılaşmalara məhəl qoymur, insanlıq əleyhinə olan bütün hərəkətlərini davam etdirir.

Azərbaycan həmkarlar ittifaqları adından bəyan edirik ki, Ermənistanın bu kimi əməllərinə ikili standartları kənara qoyaraq beynəlxalq təşkilatlar tərəfindən hüquqi və siyasi qiymət verməli, dünya ictimaiyyəti tərəfindən qınanılmalıdır. Həmçinin gələcəkdə bu cür hadisələrin baş verməməsi üçün minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsinə dair beynəlxalq qurumlar və dövlətlər tərəfindən Ermənistana təzyiq göstərilməlidir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hadisə zamanı həlak olmuş şəxslərin yaxınlarına başsağlığı verir, yaralananlara Allahdan şəfa diləyir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.