CƏMİYYƏT


AHİK Qarabağ Dirçəliş Fonduna 100 min manat vəsait köçürüb

Bakı, 22 yanvar, AZƏRTAC

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları Koronavirus pandemiyası və Vətən müharibəsi dövründə daim dövlətimizin yanında olub, milli həmrəylik nümayiş etdirib, Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda vuruşan hərbçilərimizə və onların ailələrinə diqqət və qayğı göstərilməsini başlıca istiqamətə çevirib, Ali Baş Komandanımızın bütün addımlarını dəstəkləyib.

Konfederasiyadan AZƏRTAC-a bildiriblər ki, AHİK və onun üzv təşkilatları tərəfindən pandemiya dövründə ümumilikdə 6.065.988 manat məbləğində maddi və ərzaq yardımları göstərilib. O cümlədən AHİK Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat və Naxçıvan Muxtar Respublikasında koronavirusla mübarizəyə dəstək üçün 110 min manat, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyin hesabına 205 min manat vəsait köçürüb, 54.328 aztəminatlı ailəyə 1.517.825 manatlıq yardım edib, 76 şəhər və rayonda yaşayan 3900 ailəyə 68 ton ərzaq sovqatları paylayıb. Yaşı 65-dən çox olan 45.919 nəfər ehtiyac sahiblərinə, imkansız həmkarlar ittifaqı üzvlərinə 3.152.625 manat məbləğində maddi yardım göstərilib, karantin rejimində istifadə edilməsi üçün həmkarlar ittifaqı təşkilatları üzvlərinə 936.628 manatlıq qoruyucu vasitələr paylanıb. Həmkarlar ittifaqı təşkilatlarının rəhbər işçiləri öz əməkhaqlarından Koronavirusla Mübarizə Fonduna ümumilikdə 458.920 manat vəsait köçürüblər.

AHİK və onun üzv təşkilatları tərəfindən Vətən müharibəsi dövründə 3 milyon 424 min 312 manat xərclənib. O cümlədən AHİK İcraiyyə Komitəsinin 5 oktyabr tarixli qərarı ilə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına 350 min manat ianə edilib, İcraiyyə Komitəsinin digər qərarı ilə Naxçıvan Muxtar Respublikasında yaşayan, döyüşlər nəticəsində qəhrəmancasına həlak olmuş şəhid ailələrinə kömək göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına 150 min manat köçürülüb.

Sahə həmkarlar ittifaqları tərəfindən 1.380.687 manatlıq maddi yardım göstərilib, Silahlı Qüvvələrə Yardım Fonduna 1.005.875 manat vəsait köçürülüb, “Yaşat” Fonduna 537.750 manat ianə edilib. AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə, aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə ərzaq sovqatı verilməsi məqsədilə “Regional İnkişaf” İctimai Birliyinin hesabına 500 min manat vəsait köçürülüb.

Ümumilikdə, AHİK və onun üzv təşkilatları tərəfindən Pandemiya və Vətən müharibəsi dövründə 10 milyon manata yaxın vəsait xərclənib.

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə "Qarabağ Dirçəliş Fondu” yaradılıb.

AHİK-in İcraiyyə Komitəsinin 2021-ci il 19 yanvar tarixli qərarı ilə Qarabağ Dirçəliş Fonduna 100 min manat məbləğində vəsait köçürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.