SİYASƏT
AHİK SUMQAYITDA BEYNƏLXALQ ƏMƏK TƏŞKİLATININ FƏALİYYƏTİ İLƏ BAĞLI KONFRANS KEÇİRMİŞDİR
Konfederasiyanın təşkilat işləri və məlumat şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, AHİK-in sədr müavini Aqil Dadaşov konfransı giriş sözü ilə açaraq, Beynəlxalq Əmək Təşkilatının əməkçilərin sosial-iqtisadi problemlərinin həlli istiqamətində gördüyü işlərdən danışmış, indiyədək BƏT-in 54 konvensiyasının Milli Məclis tərəfindən ratifikasiya olunduğunu diqqətə çatdırmışdır. Natiq qeyd etmişdir ki, həmin konvensiyalardan irəli gələn vəzifələrin yerinə yetirilməsi həmkarlar ittifaqlarının başlıca vəzifələridir.
BƏT-in ölkəmizdəki milli əlaqələndiricisi Yaşar Həmzəyev “BƏT barədə ümumi məlumat və onun Azərbaycandakı fəaliyyəti” mövzusunda çıxış etmişdir. Məruzəçi BƏT-in yaranma tarixi, fəaliyyət dairəsi, işçilərin sosial müdafiəsində oynadığı rol və respublikamızdakı fəaliyyəti barədə konfrans iştirakçılarına ətraflı məlumat vermişdir.
Konfrans iştirakçıları “Bazar iqtisadiyyatı şəraitində həmkarlar ittifaqının rolu və vəziyyəti”, “BƏT-in təməl konvensiyaları”, “BƏT-in konvensiyaları və Azərbaycan respublikasının əmək qanunvericiliyi” və digər mövzularda məruzələr dinləmişlər.