AHİK daha 5900 ailəyə bayram sovqatı göndərib
AzerTAg.az
Bakı, 15 mart, AZƏRTAC
Qarşıdan gələn Novruz bayramı münasibətilə martın 15-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən 5900 ailəyə bayram sovqatı göndərilib.
AZƏRTAC xəbər verir ki, respublikanın rayonlarında yaşayan 4650 aztəminatlı ailə, o cümlədən şəhid və qazi ailələri üçün ərzaqla dolu avtomobil karvanı yola salınıb. Bundan başqa, Naxçıvan Muxtar Respublikasında yaşayan həmin kateqoriyadan olan 1250 ailəyə də bayram sovqatı verilib. Bununla da AHİK tərəfindən sovqat göndərilən ailələrin ümumi sayı 36 minə çatıb.
AHİK-dən başqa, sahə həmkarlar ittifaqları da bu ərəfədə bütün bölgələr üzrə qeyd etdiyimiz kateqoriyadan olan ailələrə ərzaq yardımları göstərirlər. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına orada yaşayan həmin kateqoriyadan olan ailələrə sovqat göndərilməsi üçün hər dəfə maliyyə vəsaiti ayrılıb.
Jurnalistlərə müsahibəsində AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, vətəndaşların rifah halının yaxşılaşdırılması, onların qarşılaşdıqları problemlərin həlli, xüsusilə şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına, aztəminatlı ailələrə diqqət və qayğının göstərilməsi Prezident İlham Əliyevin daxili siyasət kursunun ana xəttini təşkil edir. Qeyd edib ki, ölkəmizdə bu istiqamətdə müxtəlif layihələr icra olunur və həssas əhali qruplarından olan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox mühüm işlər görülür. Bu sahədə dövlət qurumları ilə yanaşı, ölkəmizin aparıcı ictimai təşkilatları da fəal iştirak edir, öz dəstəklərini əsirgəmirlər. Hər bir sahədə olduğu kimi, Heydər Əliyev Fondu bu istiqamətdə də nümunəvi fəaliyyəti ilə fərqlənir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələr, xüsusi qayğıya ehtiyacı olan vətəndaşlar daim diqqətdə saxlanılır, bayramlarda, əlamətdar günlərdə onlara sovqatlar, hədiyyələr göndərilir. Bundan başqa, sosial yardıma ehtiyacı olan minlərlə şəxs üçün Fond tərəfindən bayram süfrələri təşkil olunur.
Yardımların Azərbaycanın bütün bölgələrini əhatə etdiyini vurğulayan AHİK sədri deyib: “Bu təşəbbüs dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı əsasında çatdırılır”.
Səttar Möhbalıyev, həmçinin AHİK-in ölkəmizdə məşğulluğun təmin edilməsi, ittifaq üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində gördüyü işlər haqqında da məlumat verib.
Qeyd edək ki, AHİK İcraiyyə Komitəsinin qərarları əsasında 2020-ci ilin aprel ayında 3900, 2021-ci ilin mart ayında 3900, may ayında 4 min, 2022-ci ilin mart ayında 4065, noyabr ayında 4500, dekabr ayında isə 4500 şəhid ailəsi və qazilər, həmçinin aztəminatlı ailələr üçün ərzaq göndərilib.






Xəbərin mətnində orfoqrafik səhv var