SİYASƏT


AHİK-in nümayəndə heyəti Ümumhəmkarlar İttifaqları Konfederasiyasının tədbirində iştirak edib

Bakı, 13 aprel, AZƏRTAC

Moskvadakı Əmək Sarayında Ümumhəmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) prezidenti, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakovun sədrliyi ilə Ümumhəmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından AZƏRTAC-a bildiriblər ki, ÜHİK-in İcraiyyə Komitəsi bu qurumun Şurasının iclasının gündəliyini, iş qaydasını, redaksiya komissiyasının tərkibini, eləcə də hazırlanmış sənədlərin layihələrini nəzərdən keçirib. Müzakirədən sonra onların Şuranın iclasına təqdim edilməsi üçün qərar qəbul olunub.

ÜHİK-in baş katibinin müavini Albert Potapov “ÜHİK-ə üzv təşkilatların fəaliyyət göstərdiyi müstəqil ölkələrdə BƏT-in konvensiyalarının ratifikasiyası və uyğunluğu haqqında” çıxış edib. Çıxışa münasibət bildirən İcraiyyə Komitəsi təsdiq edib ki, ötən il müstəqil dövlətlərin həmkarlar ittifaqları birlikləri ÜHİK-in siyahısına daxil olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) 11 konvensiyasının və digər beynəlxalq əmək normalarının ratifikasiyası üçün əhəmiyyətli iş görüblər.

Həmkarlar ittifaqları hakimiyyət orqanlarına və biznes strukturlarına təsir göstərən bütün kanallardan istifadə edərək ratifikasiya prosesində müsbət dəyişikliklərə nail olublar. İclasda, həmçinin məşğulluğun təşviqi və işsizlikdən qorunma haqqında 168 saylı konvensiyanın region ölkələrinin heç birində ratifikasiya olunmadığı narahatlıq hissi ilə qeyd edilib. 2018-ci ilin iyun ayında Beynəlxalq Əmək Konfransının 107-ci sessiyasına təqdim olunmuş BƏT-in Konvensiya və Tövsiyələrin Tətbiqi üzrə Ekspert Komitəsinin son hesabatında region ölkələrində konvensiyaların çox sayda pozuntularının olduğu deyilib. İcraiyyə Komitəsi müstəqil dövlətlərin həmkarlar ittifaqları birliklərini öz ölkələrində BƏT-in ən vacib konvensiyalarının ratifikasiyasına və onların milli əmək qanunvericiliyində vaxtında və tam şəkildə tətbiqinə (implementasiya) nail olmağa çağırıb.

İcraiyyə Komitəsi 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü, Beynəlxalq Əmək Təşkilatının 100 illiyi və 1 may - Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi Günü ilə bağlı ÜHİK-in müraciətlərini təsdiq edib.

ÜHİK və “Müstəqil dövlətlərin veteranlarının (təqaüdçülərinin) ictimai təşkilatları birliyi” Beynəlxalq İttifaqının Əlaqələndirmə Şurası Böyük Vətən müharibəsində Qələbənin 74-cü ildönümü ilə əlaqədar 9 may bayramının qeyd olunması barədə həmkarlar ittifaqları və veteran təşkilatlarına müraciət etmək qərarına gəlib.

Aprelin 12-də ÜHİK-in Şurasının iclası keçirilib. 2018-ci ilin dekabrında ÜHİK-ə qoşulan Özbəkistan Həmkarlar İttifaqları Federasiyası tərəfindən namizədliyi irəli sürülən nümayəndələr də daxil olmaqla, yenidən Şura üzvlərinin səlahiyyətləri təsdiq edilib. Şurada, həmçinin Qazaxıstan Əmək Konfederasiyası Həmkarlar İttifaqları Birliyinin ÜHİK-ə üzv olmaq barədə ərizəsinə baxılıb və müsbət rəy verilib.

Şuranın iclasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyev “Zamanın qlobal çağırışları şəraitində müstəqil dövlətlərin sosial-iqtisadi vəziyyəti” mövzusunda çıxış edib.

S.Möhbalıyev iclas iştirakçılarına məlumat verərək bildirib ki, Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası, balanslaşdırılmış sosial-iqtisadi siyasət iqtisadiyyatın inkişafına, makroiqtisadi stabilliyin və maliyyə dayanıqlılığının qorunmasına, Azərbaycan xalqının maraqlarını əks etdirən sosial inkişafa yönəldilib. Neft gəlirlərinin düzgün bölüşdürülməsi, iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi, neft faktorundan asılılığın azaldılması və son 15 ildə qəbul edilmiş, zamanın çağırışlarına cavab verən digər qərarlar ölkənin postneft inkişaf dövrünə sürətli keçidinə imkan yaratmış, şok effektə yol vermədən həyata keçirilmiş səlis iqtisadi islahatlar ardıcıl iqtisadi inkişafa, stabil əmək bazarına və əhalinin sosial müdafiəsi sahəsində vaxtında həyata keçirilən islahatlara yol açır.

2018-ci ildə dərin iqtisadi islahatların aparılması davam etdirilib, yeni sənaye istehsalatları yaradılıb və inkişaf etdirilib, xüsusən də qeyri-neft sahələrində iqtisadi sferanın şəffaflığı təmin edilib.

Azərbaycan Respublikası Statistika Komitəsinin məlumatlarına əsasən, 2018-ci ildə ümumdaxili məhsul istehsalı 2017-ci ilə nisbətən 1,4 faiz artıb. Adambaşına düşən ÜDM 4780,1 ABŞ dolları təşkil edib. Qeyri-neft sektorunda 2017-ci ilə nisbətən 1,8 faiz, neft sektorunda isə 0,6 faiz çox məhsul istehsal edilib. İl ərzində inflyasiya 2,3 faiz təşkil edib. Azərbaycan iqtisadiyyatı son 15 ildə dünya miqyasında rekord templərlə, yəni 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə, ixrac 4,7 dəfə, valyuta ehtiyatları 24 dəfə artıb. Azərbaycan iqtisadiyyatına 250 milyard dollar sərmayə yatırılıb. Həyata keçirilmiş köklü islahatlar nəticəsində sərmayə mühitinin yaxşılaşdırılması sahəsində ümumdünya bankının son məruzəsində Azərbaycan əvvəlki ildə tutduğu 39-cu pillədən 2018-ci ildə 25-ci pilləyə yüksəlib. 2018-ci il Azərbaycan üçün bir sıra iri iqtisadi layihələrin, o cümlədən Cənub Qaz Dəhlizi transmilli layihəsinin başa çatdırılması, “Şahdəniz-2”, “TANAP” layihələrinin uğurla həyata keçirilməsi, “Azerspace-2” peykinin orbitə çıxarılması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Sumqayıt şəhərində polipropilen zavodunun istifadəyə verilməsi ilə əlamətdar olubdur.

AHİK sədri daha sonra bildirib ki, iqtisadiyyatda islahatların həyata keçirilməsi ilə yanaşı, əmək bazarında və sosial sferada bir sıra islahatların aparılması da davam etdirilib. 2018-ci ildə, həmçinin sosial tərəfdaşların məşğulluq, əmək bazarının və insan resurslarının inkişaf etdirilməsi sahəsində məqsədyönlü və qarşılıqlı əlaqələndirilmiş şəkildə əməkdaşlığı uğurla davam etdirilib. 2019-2030-cu illər üçün məşğulluq strategiyası qəbul edilib və onun həyata keçirilməsi üçün tədbirlər planı işlənib hazırlanıb.

S.Möhbalıyev çıxışında məşğulluq problemlərinin həlli sahəsində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını xüsusilə qeyd edib. Deyib ki, ötən il respublikada artıq üç belə proqramın həyata keçirilməsinə yekun vurulub. Bu proqramların tərkib hissəsi yeni iş yerlərinin yaradılması idi. 2018-ci ildə 238,9 yeni iş yeri açılıb ki, onlardan 127,4 mini daimi xarakter daşıyır. Biznesə dəstək dövlət siyasəti, biznes mühitinin yaxşılaşdırılmasına yönəldilmiş güzəşt tədbirləri uzunmüddətli perspektivdə məşğulluğun təmin edilmə imkanlarını genişləndirib. Bu gün respublikamızda işsizlik səviyyəsi 5 faiz təşkil edir.

S.Möhbalıyev vurğulayıb ki, həmkarlar ittifaqlarının fəal iştirakı ilə milli qanunvericiliyin əhalinin məşğuliyyətinə aid bir sıra müddəaları yenilənib, Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib, “Məşğulluq haqqında” yenilənmiş qanun qəbul edilib. Qeyri-formal iqtisadiyyatın azaldılması və qeyri-formal məşğulluğun aradan qaldırılması istiqamətində iş davam etdirilib. Əməkçilərin rifah halının yüksəldilməsinə və onların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi ümumiləşdirilmiş göstəricilərin artmasına da təsir edib. 2018-ci ildə əhalinin gəlirləri 9,2 faiz artıb.

Azərbaycan tərəfindən ratifikasiya edilmiş BƏT-in 131-ci Konvensiyasının yerinə yetirilməsi istiqamətində həmkarlar ittifaqlarının təkidlə apardığı iş Azərbaycan Respublikası hökuməti tərəfindən dəstəklənib, məsələ sosial və iqtisadi məsələlərə dair Üçtərəfli Komissiyanın iclasında müzakirə edilib, ölkə qanunvericiliyinə dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinə təkliflər göndərilib. 2018-ci ildə Azərbaycanda əməkçilərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına dair geniş islahatlar paketinin həyata keçirilməsi davam etdirilib. İqtisadiyyatın müxtəlif sahələrində işləyənlərin maaşları, pensiyalar, istehsalat xəsarətinə görə müavinətlər, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə ödənişlər, ali və orta ixtisas məktəbləri tələbələrinin təqaüdləri artırılıb. Ölkə Prezidentinin Sərəncamı ilə 2019-cu ilin 1 mart tarixindən ölkə üzrə minimal əməkhaqqı artırılmış və həmkarlar ittifaqlarının təkidi nəticəsində istehlak minimumu səviyyəsinə çatdırılmışdır ki, bu da 600 min nəfəri əhatə edəcək və ölkə üzrə orta aylıq əməkhaqqı səviyyəsinin 10 faiz artmasına səbəb olacaq. 2018-ci il 31 dekabr tarixinə respublika üzrə orta aylıq əməkhaqqı 544 manat olmuşdursa, artıq 1 mart 2019-cu il tarixinə bu göstərici 577 manata (340 ABŞ dolları) çatdırılıb.

AHİK sədri öz çıxışında xüsusi vurğulayıb ki, bu vacib qərar Avropa Sosial Xartiyası, Beynəlxalq Əmək Təşkilatı tərəfindən və bir sıra dövlət proqramları ilə müəyyən edilmiş yaxın illər ərzində minimal əməkhaqqı barədə öhdəliklərin yerinə yetirilməsi istiqamətində əhəmiyyətli addımdır. Ölkə əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılması yolunda ölkə Prezidentinin bu ilin fevral ayında imzaladığı problemli kreditlər haqqında Sərəncamı da mühüm töhfədir. Problemli kreditlər məsələsinin həllində dövlət ölkə vətəndaşlarına qayğısını bir daha nümayiş etdirib. Belə ki, neftin qiymətinin dünya bazarında 3-4 dəfə ucuzlaşması nəticəsində ölkə əhalisinin xarici valyuta ilə götürdüyü kreditlərin ödənilməsi zamanı rastlaşdığı maliyyə itkisini öz üzərinə götürüb. Artıq bu kreditləri ödəmiş vətəndaşlara manat ekvivalentində 5 min dollaradək kompensasiya ödənilməsi barədə qərar qəbul edilib. Bütün bu nailiyyətlərlə birgə əməkçilərin hüquqlarının müdafiəsi, onlara layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətləridir.

Son illər dövlət tərəfindən əmək müqaviləsi iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, onların qanuni maraqlarının müdafiəsi, əmək müqaviləsi ilə vəzifələrinin yerinə yetirilməsinin hüquqi təminatı sahəsində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilməkdədir.

S.Möhbalıyev deyib ki, bununla əlaqədar Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi barədə” Fərmanı xüsusi qeyd olunmalıdır. Fərmanda muzdlu işçilərin və əmək kollektivlərinin sosial, əmək, iqtisadi maraqlarını müdafiə edən ədalət məhkəmələrində islahatların zəruriliyi vurğulanıb. Əmək mübahisələri ilə məhkəmələrə müraciət edən işçilərin imkanlarını genişləndirmək, prosedurları sadələşdirmək, inzibati xətalar barəsində işlərin baxılma müddətlərini konkretləşdirmək barədə göstərişlər verilib.

2018-ci ildə milli iqtisadiyyatın strateji yol xəritəsinin və iqtisadiyyatın 11 əsas sektorunun inkişafı xəritəsinin həyata keçirilməsinə başlanılıb. Bu sənəddə məqsəd və prioritet istiqamət kimi əmək bazarında sosial dialoqun və inklüziv (hərtərəfli) inkişafın təmin edilməsinə xidmət edən institutlar vasitəsilə ölkə iqtisadiyyatını rəqabətqabiliyyətli işçi qüvvəsi ilə təmin etmək vəzifəsi müəyyən edilib. 2018-ci ildə respublikada layiqli əmək, gənclər siyasəti, əmək sferasının gələcəyi və digər ölkə proqramlarının həyata keçirilməsi davam etdirilib.

Ölkənin dayanıqlı inkişafını həmkarlar ittifaqları “2030-cu ilədək dayanıqlı inkişaf məqsədləri” Dövlət Proqramının əmək sferasının inkişafına, əməkçilərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına, işsizliklə mübarizəyə, gender bərabərliyinə yönəlmiş müddəalarının həyata keçirilməsində öz fəal iştirakında görürlər.

S.Möhbalıyev çıxışının yekununda bir sıra məsələlərə diqqət çəkərək bildirib ki, əmək bazarındakı və əmək münasibətləri sferasındakı yeniliklər və çağırışlar bizim hamımızdan fərqli adekvat təşkilati struktur və iş forması axtarışı tələb edir. Bu gün biz bu problemləri birgə müzakirə etməli, iqtisadiyyatın yeni sektorlarında qeyri-tipik fəaliyyət növü ilə məşğul olan işçiləri həmkarlar ittifaqlarına cəlb etmək prinsiplərini və problemlərinin həlli yollarını birgə axtarmalıyıq. Bu kateqoriyadan olan işçilərlə motivasiya işinin elmi-praktik formalarının işlənib hazırlanması vaxtı çatıb. Ümumhəmkarlar İttifaqları Konfederasiyası elmi-tədqiqat və tədris mərkəzlərinin, üzv təşkilatların iştirakı ilə belə kateqoriyadan olan işçilərin həmkarlar ittifaqı strukturunda birləşdirməyin düzgün qanunvericiliyə uyğun yolunu tapa bilər. Qeyri-tipik iş forması ilə məşğul olan işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsi işini təkmilləşdirməkdə biz maraqlıyıq və bu, gələcəkdə bizim sıralarımızın genişlənməsinə və möhkəmlənməsinə xidmət edər.

Ölkədə həyata keçirilən balanslaşdırılmış sosial-iqtisadi siyasəti dəstəkləməklə Azərbaycan həmkarlar ittifaqları işçilərin iqtisadi və sosial hüquqlarının müdafiəsi, onlar üçün layiqli həyat səviyyəsinin təmin edilməsi uğrunda fəaliyyətini davam etdirmək əzmindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.