CƏMİYYƏT
AHİK sədri: Bu il Naftalanda və Bilgəhdə yeni sanatoriya mərkəzlərinin açılması planlaşdırılır

Bakı, 5 iyun, AZƏRTAC
"Şıx” sanatoriyasının yeni təmirdən çıxan korpusunda ümumilikdə 75 çarpayıdan ibarət 44 otaq var.
Bu il üçün Naftalanda və Bilgəhdə yeni sanatoriya mərkəzlərinin açılması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, Milli Məclisin deputat Səttar Möhbalıyev “Şıx” sanatoriyasının yeni təmirdən çıxmış korpusunun açılışı zamanı deyib.
Səttar Möhbalıyev sanatoriyada dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsi üçün əlverişli şərait yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, burada ümumilikdə 180 çarpayı qoyulub. Onun sözlərinə görə sanatoriyanın sakinləri qum vannasından da istifadə edə biləcəklər. Bunun üçün artıq Türkiyədən sifariş də verilib.
Paytaxtda və bölgələrdə sanatoriyaların demək olar ki, əksəriyyətinin müasir standartlar əsasında qurulduğunu, bərpa edildiyini deyən AHİK sədri "Şıx” sanatoriyasında milli və Avropa mətbəxinin təqdim edildiyini bildirib. Qeyd edib ki, qidalanma rejimində pəhriz menyusu da nəzərdə tutulub.