CƏMİYYƏT
AİDA və İslam İnkişaf Bankı Afrikada kataraktadan əziyyət çəkən insanlara yardımı davam etdirir
Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) nümayəndəsi İslam İnkişaf Bankının (İİB) Tunisdə keçirilən 43-cü illik toplantısında iştirak edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir çərçivəsində AİDA və “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” (AFAB) kampaniyasının digər tərəfdaşları tərəfindən kampaniyanın ikinci mərhələsinin başlamasını nəzərdə tutan sənəd imzalanıb. Bununla, kampaniyanın 2018-2022-ci illəri əhatə edəcək və 12 Afrika ölkəsində həyata keçirilməsi nəzərdə tutulan ikinci mərhələsinə start verilib.
Kampaniyanın 2012-2015-ci illərdə həyata keçirilən birinci mərhələsi nəticəsində Afrika Birliyinə daxil olan ölkələrdə kataraktadan əziyyət çəkən 56 mindən çox insanın görmə qabiliyyəti bərpa olunub və ümumilikdə, 300 mindən artıq insanın gözü müayinə edilib.