ELM VƏ TƏHSİL
Aİİ-də “Elmi məqalənin yazılması və beynəlxalq elmi nəşrlərin tələbləri” mövzusunda seminar keçirilib
Bakı, 9 aprel, AZƏRTAC
Aprelin 9-da Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Elmi məqalənin yazılması və beynəlxalq elmi nəşrlərin tələbləri” mövzusunda seminar təşkil olunub.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, tədbiri açan institutun rektoru Ceyhun Məmmədov ali təhsil müəssisəsində əməkdaşların və tələbələrin elmi potensialının gücləndirilməsi, yerli, həmçinin beynəlxalq jurnallarda məqalələrin nəşri və onların bu sahədə aktivliyinin təşviqi məqsədilə müxtəlif seminarlar, dəyirmi masalar, treninqlər keçirildiyini bildirib.
Rektor Prezident İlham Əliyevin Azərbaycan elminə göstərdiyi diqqət və qayğıdan bəhs edib. O qeyd edib ki, informasiya mühitini formalaşdıran rəqəmsal əsrdə davamlı elmi inkişafın təmin olunmasında əsas vəzifələrdən biri beynəlxalq elektron elmi informasiya məkanına inteqrasiyadır.
“Clarivate Analytics” bazasının Azərbaycanda təşkil etdiyi təlim proqramının rəsmi eksperti, fəlsəfə üzrə fəlsəfə doktoru Xəyalə Məmmədova “Elmi məqalənin yazılması və beynəlxalq elmi nəşrlərin tələbləri” mövzusunda məruzə ilə çıxış edib. O, beynəlxalq tələblərə cavab verən elmi məqalələrin strukturunun formalaşdırılması, elmi məqalələrin jurnallarda dərc olunması, elmi jurnalların araşdırılması və seçilmə qaydaları haqqında ətraflı məlumat verib. Məruzəçi elmi məqalənin beynəlxalq jurnallara təqdim edilməsi qaydaları, məqalənin dərc olunması üçün müəyyən bacarıqların inkişaf etdirilməsi, redaktor və rəyçilərin cavablandırılması kimi məsələlərdən bəhs edib.
Seminar mövzu ətrafında müzakirələrlə davam etdirilib.