ELM VƏ TƏHSİL
Aİİ-də seminar: “İslam əxlaqı və müasir gənclik”
Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Türkiyənin Azərbaycandakı səfirliyinin dini məsələlər üzrə müşaviri, professor Kamil Günəşin təqdimatında “İslam əxlaqı və müasir gənclik” mövzusunda seminar keçirilib.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, institutun ilahiyyat fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov gənc kadrların intellektual səviyyəsinin artırılmasında daha böyük nəticələrin əldə edilməsi üçün tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, elmi axtarışlara yönəldilməsi istiqamətində mütəmadi təşkil olunan dəyirmi masaların, seminarların, treninqlərin və görüşlərin xüsusi rol oynadığını qeyd edib.
Mövzunun aktuallığına toxunan Mirniyaz Mürsəlov mənəvi-əxlaqi dəyərlərin şəxsiyyətin səciyyəvi xüsusiyyətlərindən olduğunu, dövlətimizin milli-mənəvi və multikultural dəyərlərin qorunması ilə bağlı ardıcıl tədbirlər həyata keçirdiyini bildirib.
Türkiyənin Azərbaycandakı səfirliyinin dini məsələlər üzrə müşaviri, professor Kamil Günəş “İslam əxlaqı və müasir gənclik” mövzusunda məruzə ilə çıxış edib. O vurğulayıb ki, İslam sivilizasiyasının birliyi onun müstəqilliyi, azadlığı, tərəqqisi və rifahı üçün yeganə şərtdir. Birlik olmayan yerdə heç bir təşəbbüs, səy və mübarizə nəticə verməz.
Kamil Günəş diqqətə çatdırıb ki, cəmiyyətin aparıcı qüvvəsini təşkil edən gənclər ailədə, təhsil müəssisələrində gördükləri, öyrəndikləri ilə kifayətlənməməli, yeni məlumatlara, bilik və bacarıqlara yiyələnməyə maraq göstərməlidirlər.
Sonda tələbələrin sualları cavablandırılıb.