Aİ Afrikada infrastrukturun inkişafına 22,7 milyard dollar ayırmağı planlaşdırır
AzerTAg.az

Bakı, 12 fevral, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Global Gateway proqramı çərçivəsində Afrika ölkələrinə 22,7 milyard dollar ayırmaq imkanlarını nəzərdən keçirir.
AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, Aİ-nin proqramı nəqliyyat şəbəkəsinin, rəqəmsal texnologiyanın inkişafına, energetika, təhsil və səhiyyə sahələrində layihələrə yönəldiləcək. Proqrama strateji dəhlizlərin, sualtı kabellərin, yeni strateji birləşmələrin tikintisinin maliyyələşdirilməsi daxildir. Həmçinin Seneqal, Kot-d'İvuar, Misir, Marokko və Keniyada bərpa olunan enerji mənbələrində hasilata sərmayə yatırmaq planlaşdırılır.
Bundan əvvəl Avropa Komissiyası Afrika dövlətlərində infrastrukturun inkişafı məqsədilə 150 milyon dollar həcmində “Afrika-Avropa” investisiya proqramının işə salındığını bildirmişdi.
Global Gateway proqramı Çinin “Bir kəmər-bir yol” iqtisadi konsepsiyasına qarşı Brüssel tərəfindən düşünülmüş strategiyadır. Onun əsas məqsədi strateji əhəmiyyətə malik, xüsusilə təbii ehtiyatlarla zəngin regionlarda Avropa İttifaqının iqtisadi mövqelərini gücləndirməkdir.
Xəbərin mətnində orfoqrafik səhv var