REGİONLAR


Aİ Azərbaycanda kənd təsərrüfatı, kəndlərin və regionların inkişafını dəstəkləyəcək

Bakı, 9 aprel, AZƏRTAC

Kənd təsərrüfatı sahəsində ümumi dəyəri təxminən 2 milyon avro olan 4 qrant müqaviləsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. Qrantların məqsədi yerli qida konsepsiyalarını təşviq etməklə, eləcə də kənd təsərrüfatı üzrə yerli məsləhət xidmətləri şəbəkələrini yaratmaqla kənd əhalisinin gəlirlərinin gücləndirilməsi və şaxələndirilməsidir.

Bu barədə AZƏRTAC-a Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyindən məlumat verilib.

Avropa İttifaqının regional və kənd yerlərinin inkişafına dəstəyi Azərbaycan ilə əməkdaşlığın əsas prioritetlərindən biri olduğunu deyən Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib: “Bu baxımdan, yeni qrant layihələrinin qeydiyyatı bizi sevindirir. Bu müqavilələr Azərbaycanın hər yerində kiçik və orta aqrobiznes sahiblərinə praktiki dəstəyi təmin edəcək, onlara bizneslərini daha da inkişaf etdirməkdə, iş yerləri açmaqda və gəlir əldə etməkdə kömək olacaq. Həssas qruplara və qadınlara dəstəyin bu qrantın gündəmində əsas yer tutmasını görmək məni xüsusilə məmnun edir.

Koronavirus pandemiyasının kənd icmalarına mənfi təsirini nəzərə alaraq gözləyirəm ki, bu layihələr öz əhatə dairələri çərçivəsində həm də post-COVID 19 dövründə layihə benefisiarlarının iqtisadi dirçəlişi üçün imkanların yaxşılaşdırılmasına kömək edəcək”.

Dörd yeni qrant müqaviləsində aşağıdakılar nəzərdə tutulur:

- Şəki-Zaqatala və Dağlıq Şirvan ərazilərində məsləhət xidmətləri vasitəsilə yerli qida istehsalı, eləcə də kiçik və orta ölçülü fermaların təşviqi, yeni dəyər zənciri modellərinin yaradılması və aqro-turizmin inkişafı;

- Nar istehsalı ilə məşğul olan yerli fermerlər qrupunun yaradılması, onların transformasiyasının dəstəklənməsi və nar dəyər zəncirində qabaqcıl təcrübəyə nail olma, o cümlədən Aran iqtisadi rayonunda qida təhlükəsizliyini təmin etmək üçün pestisid və gübrələrdən istifadə ilə bağlı onlara təlimlərin keçirilməsi;

- Azərbaycanın cənub regionlarında kənd ev təsərrüfatlarına gəlirlərini artırmaqda kömək edəcək dayanıqlı aqroturizm və ekoturizmin inkişafı üzrə mexanizmin yaradılması;

- Azərbaycanın bütün regionlarında yeni bazar imkanlarının, yaradıcı brendinq və marketinqin inkişafı, eləcə də innovativ kənd təsərrüfatı resursları ilə qadınlar arasında aqrosahibkarlığın gücləndirilməsi, habelə gəlirlərin artırılması vasitəsilə əsl yerli qida irsinin təşviqi. Layihəyə həm də Bakıda qadınların idarə edəcəyi qida irsi kafesinin yaradılması da daxildir.

Qeyd edək ki, daha əvvəl kənd təsərrüfatı sahəsində iki qrant layihəsi imzalanmışdı. Onlardan biri Qax, Zaqatala və Balakəndə dayanıqlı və inklüziv yerli aqro-qida sistemlərinin inkişafı ilə bağlı idi. Digər bir layihə isə Bərdə, Ağdam, Tərtər, Goranboy, Samux, Göygöl, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarında yumşaq meyvə və tərəvəz istehsalı üzrə dayanıqlı dəyər zəncirlərini inkişaf etdirməkdə fermerlərə yardımı nəzərdə tuturdu.

Aİ-nin maliyyələşdirdiyi 6 müqavilənin ümumi dəyəri 3,5 milyon avro təşkil edir və bu layihələr qurumun AP 2015 – Azərbaycanın Vahid Regional İnkişaf Proqramının bir hissəsini təşkil edir. Proqramın məqsədi biznesin inkişafı, investisiyanın təşviqi və məşğulluq imkanlarının yaradılmasına töhfə verməklə, eləcə də kənd yerlərində yaşayışı və həyat keyfiyyətini yüksətlməklə regional inkişafı dəstəkləməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.