DÜNYA
Aİ-nin sammitində ittifaqın Brexitdən sonrakı gələcəyi müzakirə olunacaq
Bakı, 7 yanvar, AZƏRTAC
Avropa İttifaqında qalan 27 dövlətin liderlərinin qeyri-formal sammitinin mayın 9-da Rumıniyada keçirilməsi nəzərdə tutulur. Sammit Aİ-nin Brexitdən sonrakı gələcəyinə və Avropa demokratiyasına həsr olunacaq.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu bazar ertəsi günü Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının rəsmi nümayəndəsi Marqaritis Sxinas bildirib. O qeyd edib ki, sammit 2019-cu il martın 29-da Böyük Britaniyanın Aİ-ni tərk etməsindən sonra, həmçinin Avropa parlamentinə ümumavropa seçkilərinə (23-26 may) iki həftə qalmış keçiriləcək.
Seçkilərin nəticələri üzrə bu il Avropa İttifaqının bütün rəhbərliyi – Avro parlamentin sədri Antonio Tayani, Avropa Komissiyasının başçısı Jan-Klod Yunker, Avropa İttifaqı Şurasının sədri Dolald Tusk, habelə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini vəzifədən gedəcək. Onların heç biri növbəti müddətə qalmayacaq.
Rumıniya Aİ Şurasına 2019-cu il yanvarın 1-dən iyunun 30-dək sədrlik edir.