CƏMİYYƏT


Aİ və ÜST Azərbaycanda COVID-19-la mübarizədə psixi sağlamlıq xidmətləri göstərən səhiyyə müəssisələrini dəstəkləyir

Bakı, 9 oktyabr, AZƏRTAC

Yeni növ koronavirus (COVID-19) pandemiyası səhiyyə sistemləri və müəssisələri üzərində əlavə yük yaradıb. Xüsusilə həssas qrupa aid olan, uzun müddət müalicə müəssisələrində yerləşən pasiyentlərə artan infeksiya riski və COVID-19 pandemiyası ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər daha çox təsir edir.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan və ÜST-nin Səhiyyədə Fövqəladə Hallar Proqramının Cənubi Qafqaz üzrə Mərkəzinin ekspertləri Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 1 nömrəli Psixonevroloji Sosial Xidmət Müəssisəsində COVID-19 hallarının idarə edilməsi, infeksiyaların profilaktikası və nəzarət tədbirlərinin qiymətləndirilməsi işlərini aparıb. Bu müəssisələr ölkədə psixi sağlamlıq xidməti göstərən ən böyük səhiyyə müəssisələridir.

Qiymətləndirmə COVID-19-un pasiyentlərin gündəlik həyatına təsir etdiyi sahələri anlamaq, infeksiyaların profilaktikası və nəzarət tədbirlərinin həyata keçirilməsi, COVID-19-a yoluxmuş pasiyentlərin müəyyənləşdirilməsi və idarə edilməsində dəstəyə ehtiyac duyulan sahələri müəyyən etmək, uzunmüddətli müalicə müəssisələrinə lazım olan hallarda digər səhiyyə xidmətlərinin əldə edilməsində dəstək olmaq məqsədilə keçirilib.

Layihə əl gigiyenası stansiyaları, əl dezinfeksiyaediciləri və məlumatlandırıcı posterlərin verilməsi ilə uzunmüddətli müalicə müəssisələrində infeksiyaların profilaktikası və nəzarəti tədbirlərinin yaxşılaşdırılmasına dəstəyi davam etdirməyi planlaşdırır.

Milli tərəfdaşlarla əvvəlki müzakirələr nəticəsində, həmçinin pandemiya zamanı uzunmüddətli müalicə müəssisələrində xəstələrə psixososial dəstəyə ehtiyacın artdığı qeyd olunub. Bunu nəzərə alaraq, sentyabrın 1-dən başlayaraq, Aİ-ÜST layihəsi pandemiyanın təsirinə qarşı mübarizə qabiliyyətlərini artırmaq məqsədilə qeyd edilən səhiyyə müəssisələrində çalışmaq üçün 3 psixoloq və 3 sosial işçi göndərib. Sentyabrın birindən fəaliyyətə başlayan mütəxəssislər 6 ay ərzində tibb işçilərinin psixi sağlamlıq və psixososial dəstək sahəsində bilik və bacarıqların artırılması istiqamətində çalışacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.