İQTİSADİYYAT


“AKADEMİK ƏHMƏD MAHMUDOV” GƏMİSİ İSTİSMARA VERİLMİŞDİR

“PALMALİ” Şirkətlər Qrupunun Bakı ofisinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, mayın 23-də Nijni Novqorod şəhərinin “Krasnoye Sormovo” gəmiqayırma zavodunda bu şirkətlər qrupunun sifarişi ilə inşa edilən gəminin suya salınma mərasimi keçirilmişdir. Beş quru yük gəmisindən sonuncusu olan bu gəmi Azərbaycanın məhşur iqtisadçı alimi, akademik Əhməd Mahmudovun adını daşıyır.
Görkəmli alim Əhməd Mahmudov iqtisadiyyat və aqrar sektorun dövlət planlaşdırılması mövzuları üzrə bir çox elmi işlərin müəllifi olmuşdur. Böyük Vətən müharibəsinin iştirakçısı, Lenin ordeni ilə təltif edilmiş alim 1964-cü ildən ömrünün sonuna qədər Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna rəhbərlik etmişdir.
Məlumatda bildirilir ki, gəminin yüktutumu 6271 ton, uzunluğu 121,7 metr, eni 16,5 metr, göyərtəsinin hündürlüyü 6,2 metr, su altında qalan hissəsi 5,06 metrdir. Gəmi heyəti 14 nəfərdən ibarətdir.
Odessa şəhərinin Gəmi Mühəndisliyi Bürosu tərəfindən hazırlanan layihə əsasında inşa edilən gəmi beynəlxalq konvensiyaların və ekoloji standartların bütün tələblərinə cavab verir. Büronun təqdim etdiyi layihəyə əsasən, gəmidə bir çox konstruktiv təkmilləşdirmələr tətbiq olunmuş və onun yük tutumu artırılmışdır.
Gəminin suya salınma mərasimində şirkətin prezidenti Mübariz Mənsimovun başçılıq etdiyi nümayəndə heyəti, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, Əhməd Mahmudovun ailə üzvləri, Nijni Novqorod əyalətinin və Sormovo inzibati rayonunun rəhbərliyi, “Krasnoye Sormovo” zavodunun nümayəndələri iştirak etmişlər.
Mərasimdə çıxış edən Əhməd Mahmudovun oğlu, Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri Eldar Mahmudov atasının xatirəsinə göstərilən ehtirama görə “PALMALİ” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimova ailə üzvləri adından minnətdarlığını bildirmişdir.
Konsert proqramı ilə müşayiət olunan mərasimin sonunda dənizçi ənənəsinə uyğun olaraq Əhməd Mahmudovun qızı Elmira Mahmudova şampan şərabı şüşəsini gəminin göyərtəsinə çırpmışdır.
“PALMALİ” Şirkətlər Qrupu Aralıq, Baltik, Xəzər və Qara dəniz hövzələrində yük daşınmalarını həyata keçirir. Bununla yanaşı, şirkət Rusiyanın daxili sularında yük daşınmaları üzrə liderdir. Şirkətin donanması kirayə götürülmüş gəmilər də daxil olmaqla 120-dən artıq tanker və yük gəmisindən ibarətdir. “PALMALİ” əsasən neft məhsulları, xam neft, ərzaq və sənaye məhsullarının daşınması üzrə ixtisaslaşmışdır. Şirkətə məxsus quru yük gəmiləri isə bütün növ quru yüklərin daşınmasını həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.