REGİONLAR
AKADEMİK CƏLAL ƏLİYEV GÜRCÜSTANIN KVEMO KARTLİ-BORÇALI BÖLGƏSİNƏ 8 TON TOXUMLUQ BUĞDA GÖNDƏRMİŞDİR
Bu günlərdə Marneuli Rayon Fermerlər İttifaqının sədri Əli Həsənov akademik Cəlal Əliyevdən onun kəşf etdiyi buğda növləri toxumunun Borçalı üçün də ayrılmasına yardımçı olmağı xahiş etmişdir. Akademik Kvemo Kartli-Borçalı bölgəsi üçün ilkin olaraq 8 ton “Qiymətli 2/17” buğda toxumu ayırmışdır. Şəmkir Rayon İcra Hakimiyyəti rəhbərliyi toxumun sifarişçiyə çatdırılmasını təmin etmişdir.
Marneuli Rayon Fermerlər İttifaqının sədri Əli Həsənov Borçalının kənd təsərrüfatı işçiləri adından qayğı və diqqətə görə Azərbaycan Respublikası rəhbərliyinə, akademik Cəlal Əliyevə minnətdarlığını bildirmiş, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Gürcüstan dostluğunun uğurla davam etdirildiyini vurğulamışdır.
Əli Həsənov demişdir ki, taxılçılıq borçalıların kənd təsərrüfatında aparıcı sahələrindəndir. Cəlal Əliyevin yaratdığı “Qaraqılçıq-2”, “Şiraslan-23”, “Tərtər”, “Bərəkətli-95”, “Qarabağ-7”, “Mirbəşir-50”, “Vüqar”, “Qiymətli-2/17”, “Əlincə” və s. buğda sortlarının səs-sorağı bizə çoxdan bəllidir və sanki bizim iqlim şəraitimiz üçün kəşf olunmuşdur. Ümidvarıq ki, gələn il alimin özü Borçalıdakı məhsuldarlığın şahidi olacaqdır.