ELM VƏ TƏHSİL
AKADEMİK HƏBİBULLA ƏMİRXANOVUN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR
Aprelin 17-də Milli Elmlər Akademiyasının Rəyasət heyətinin binasında Azərbaycan Elmlər Akademiyasının akademiki, SSRİ EA-nın müxbir üzvü Həbibulla Əmirxanovun 100 illik yubileyinə həsr olunmuş “Yarımkeçiricilər və istilik fizikası problemləri” mövzusunda beynəlxalq konfrans açılmışdır.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov, akademik Maqsud Əliyev, Rusiya EA Dağıstan Elmi Mərkəzinin sədri, REA-nın müxbir üzvü, Fizika İnstitutunun direktoru İbrahimxan Kamilov çıxışlarında bildirmişlər ki, 1907-ci ildə Dağıstanda doğulan Həbibulla Əmirxanov 1925-ci ildə Bakıya köçmüş və Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Universiteti bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun fizika kafedrası ilə yanaşı, SSRİ EA-nın Zaqafqaziya filialının Azərbaycan bölməsinin fizika sektorunda çalışmışdır.
H.Əmirxanov fizik kimi Bakıda formalaşmışdır. Azərbaycan EA-nın təşkilinin fəal iştirakçılarından olan alim Azərbaycan EA-nın fizika bölməsinin ilk rəhbəri, Fizika və Riyaziyyat İnstitutunun ilk direktoru olmuşdur.
1950-ci ildə Dağıstana köçən H.Əmirxanov Qafqaz regionunun görkəmli alimləri sırasında layiqli yer tuturdu.
Alimin neft fizikası, yarımkeçiricilər, geofizika və fiziki termodinamika sahəsində tədqiqatları, istilik tutumunu və istilikkeçirməni ölçmək üçün yüksək dəqiqliyi ilə fərqlənən cihazları elmi dairələrdə yüksək qiymətləndirilmişdir.
Konfrans aprelin 18-də başa çatacaqdır.