ELM VƏ TƏHSİL
AKADEMİK HƏSƏN ƏLİYEVİN 95 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ KONFRANS KEÇİRİLMİŞDİR
Dekabrın 3-də Bakı Dövlət Universitetində görkəmli alim, ictimai siyasi xadim, akademik Həsən Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş “Tətbiqi ekologiyanın problemləri” mövzusunda III Respublika elmi-metodiki konfransı öz işinə başlamışdır. Bu gün başa çatacaq konfransın təşkilatçıları BDU, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Torpaq və Xəritəçəkmə Komitəsi, Beynəlxalq Elmi-İnkişaf Akademiyasıdır.
BDU-nun rektoru, MEA-nın müxbir üzvü, professor Abel Məhərrəmov giriş sözündə konfransın işi barədə məlumat verdi, Azərbaycan elminin inkişafında akademik Həsən Əliyevin müstəsna rolundan, onun elmi irsinin qorunub saxlanmasının və inkişaf etdirilməsinin vacibliyindən danışdı, böyük alimin məxsus olduğu Əliyevlər ailəsinin vətən və xalq qarşısında əvəzsiz xidmətlərini diqqətə çatdırdı. Bu nəslin nümayəndəsi Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyanın sivil ölkələri sırasına çıxması üçün görülən işlər xüsusi vurğuladı.
Sonra professor Şövqü Göyçaylının “Həsən Əliyevin həyat və fəaliyyəti” mövzusunda məruzəsi dinlənildi.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, MEA Botanika İnstitutunun direktoru Vahid Hacıyev, BDU-nun kafedra
müdiri, professor Qara Mustafayev, Həsən Əliyev adına təqaüdçü tələbə Tural Nəbiyev və başqaları görkəmli alimin zəngin və çoxşaxəli elmi fəaliyyətindən danışdılar, onunla bağlı xatirələrini söylədilər.
Alimin oğlu Rasim Əliyev atasının xatirəsini əziz tutduqlarına görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.
Konfrans bu gün ayrı-ayrı bölmələr üzrə iclaslarda öz işini davam etdirir.