DÜNYA
АКК Angela Merkelin varisidirmi?
Berlin, 2 noyabr, AZƏRTAC
Məlum olduğu kimi, AFR kansleri Angela Merkel böyük siyasətdən gedəcəyini elan edib. Amma bu proses uzun sürə bilər. Merkelin planlaşdırdığı kimi, 2021-ci ildə onun səlahiyyət müddəti bitənə qədər. Yalnız bir şərtlə: Merkelin dekabrın əvvəli üçün azad edəcəyi Xristian Demokratlar İttifaqının (XDİ) başçısı vəzifəsini partiyanın qurultayında ona bənzəyən, bununla belə, ondan fərqlənən başqa qadın siyasətçi tutmalıdır.
Artıq dekabrın 7-dən sonra, çox güman, Almaniyada ən mühüm siyasi vəzifələrdən birini tutacaq siyasətçinin adını ilk dəfə düzgün tələffüz etmək hər kəsin hünəri deyil: Anneqret Kramp-Karrenbauer. Bəzən onun adını ixtisar edib sadə AKK abreviaturu şəklində işlədirlər. AKK Yens Şpan və Fridrix Mertslə birlikdə XDİ rəhbəri vəzifəsinə namizəddir.
Kramp-Karrenbauer Merkelin etibar etdiyi şəxsdir. 18 il əvvəl kanslerin böyük karyerasının başlandığı vəzifəni – XDİ-nin baş katibi vəzifəsini hazırda o tutur. Onların arasında çox güclü oxşarlıq var və bir çoxları AKK-ni az qala Merkelin surəti sayırlar. O da Merkel kimi pafoslu çıxışlardan uzaq, amma daha gənc praqmatik siyasətçidir. Bu il Merkelin 64 yaşı, AKK-nin isə 56 yaşı tamam olur.
Onları fərqləndirən cəhətlərdən biri də budur ki, Merkel Almaniya Demokratik Respublikasında, Kramp-Karrenbauer isə Almaniya Federativ Respublikasında böyüyüblər. Amma hər ikisi siyasətlə çoxdan məşğul olur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin