SİYASƏT
AKP-nin bölgə nümayəndəliyindən Azərbaycana dəstək
Qars, 9 aprel, AZƏRTAC
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı törədilmiş növbəti silahlı təxribat nəticəsində həlak olan hərbçilər və mülki şəxslərə başsağlığı vermək məqsədilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) Qars vilayəti üzrə rəhbəri Adem Çalkın başda olmaqla bu partiyanın bir qrup üzvü ölkəmizin Qarsdakı baş konsulluğunu ziyarət edib.
A.Çalkın və onun siyasi həmfikirləri Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən qarşıdurmada hərbi qulluqçularımız və mülki şəxslərimizin şəhid olması ilə bağlı Azərbaycan xalqına və həlak olanların əzizlərinə başsağlığılarını ifadə edərək, onların doğmalarına səbir, yaralananlara isə Allahdan şəfa diləyiblər. Qonaqlar bu acı günlərdə Türkiyə xalqının Azərbaycan xalqı ilə həmrəy olduğunu diqqətə çatdırıblar.
Baş konsul Ayxan Süleymanlı qonaqlara həlak olan şəhidlərimizin xatirəsinə göstərdiyi hörmət və ehtirama, həmçinin Azərbaycanla həmrəyliyə görə təşəkkürünü bildirərək, məlumat verib ki, Azərbaycan ordusu Ermənistanın təxribatının qarşısını qətiyyətlə alıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Qars